“20th Century Fox” studiyasının məlumatına görə, dünya kinematoqrafiya tarixində önəmli yer tutan kanadalı kinorejissor Ceyms Kameron “Avatar 2” filminin çəkilişlərinə başlayıb.
   Ceyms Kameronun 2009-cu ildə çəkdiyi və külli miqdarda gəlir gətirən “Avatar” elmi-fantastik filminin davamı olacağını kinosevərlər səbirsizliklə gözləyirdi. Filmin hələ 2013-cü ildə ekranlara çıxacağı elan edilsə də, çəkiliş tarixi uzun müddətdir ki, təxirə salınırdı. 
   Nəhayət, 4 filmdən ibarət “Avatar 2”nin çəkilişi üçün 1 milyard dollarlıq büdcə ayrıldığı bildirilir. Hər bir film öz-özlüyündə müxtəlif hadisələri anlatsa da, hamısı bir süjet xətti üzərində olacaq. Rejissor filmlərin hamısını praktik olaraq eyni vaxtda çəkməyi planlaşdırır. Filmlərin bir və üç il ara ilə ekrana çıxması nəzərdə tutulur. 
   Bu filmlərdə yenidən Cem Uortinqton, Zoi Saldana, Coul Mur, Siqurni Uiver və digər aktyorlar yer alacaqlar. Onlarla yanaşı “Taxt-tac oyunu” serialından tamaşaçılara yaxşı tanış olan Kliff Kertis və Una Çaplin (Çarli Çaplinin nəvəsi) də “Avatar 2”də çəkiləcəklər. 
   Maraqlıdır ki, “Avatar 1”in sonunda qəhrəmanı həlak olan aktyor Stiven Lenq yenidən filmdə baş antaqonist rolunda çıxış edəcək. Ssenari müəllifinin onu həyata necə qaytaracağı hələlik məlum deyil.
   “Avatar 2”nin 2020-ci ilin dekabrında kinoteatrlarda nümayiş etdirilməsi nəzərdə tutulur.
   
   Rafiq Vəliyev