Məşhur hind aktyoru, Bollivud ulduzu Əmir Xan özünün yeni “Secret Superstar” (“Gizli superulduz”) filmini tanıtmaq üçün Türkiyəyə gəlib. Aktyor Atatürk Hava Limanında pərəstişkarlarının izdihamı ilə qarşılanıb.
Türkiyədə geniş tamaşaçı kütləsinin sevimlisi olan Əmir Xan mətbuat konfransında bu ölkəyə çoxdan gəlmək istədiyini bildirib: “Buradakı dostlarımdan və filmlərimi izləyən tamaşaçılardan çoxlu mesajlar alırdım. Gənclərin mənim filmlərimi izlədiyini bilmirdim. Bunu öyrəndiyimə görə çox məmnunam. İstanbuldan təklif gəlincə fikirləşmədən qəbul etdim. Həyat yoldaşım və oğlum məndən əvvəl Türkiyədə olublar. Türkiyə onları valeh edib”.
İndiyə kimi heç bir türk filminə baxmayan Bollivud ulduzu yaxın zamanlarda türk filmlərinə də baxacağını deyib.
Onun yeni filmi bir qız uşağının xəyallarını gerçəkləşdirmək uğrunda apardığı mübarizədən bəhs edir. Dünyada uşaqların çəkdiyi əzablardan danışan aktyor bunun dözülməz hal olduğunu bildirib: “İnsanların həyatının müəyyən dövrlərində belə əziyyətlərə düçar olmaq məcburiyyətində qalması ürəkağrıdıcıdır. Hər kəs mən nə edə bilərəm, deyə özünə sual verməlidir. Mən öz işimlə əlimdən gələni etməyə çalışıram”.
“Sizin üçün kinonun məqsədi nədir” sualına aktyor belə cavab verib: “Kinonun ilk məqsədi insanları əyləndirmək, maraqlı vaxt keçirməkdir. Kino bir kitab kimidir. Qarşısındakına fərqli bir həyatı yaşamağı, ya da ki fərqli bir xarakteri tanımağı sınaqdan keçirmək şansı verir”.
Əmir Xan qorxu filmlərini sevmədiyini, belə filmləri izləmədiyini bildirib.
Aktyor Hollivuddan təkliflər aldığını, amma qəbul etmədiyini deyib: “Amerikan mədəniyyəti mənim üçün yaddır. Bununla belə, mənim üçün film təklifinin gəldiyi yer önəmli deyil. Hansı ölkə olursa-olsun, əsas məsələ ssenarilər və xarakterlərin mənə uyğun olmasıdır”.
Rafiq Vəliyev