Beynəlxalq festivalın müsabiqə proqramına 40 ölkədən filmlər daxil edilib
   
      Noyabrın 15-dən 18-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. 
   Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Layihə eyni zamanda tarixi və mədəni irsin mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına daha geniş diqqət cəlb etmək məqsədi daşıyır.
   Festivala film qəbulu oktyabrın 1-də başa çatıb. Bu müddət ərzində 70 ölkədən 424 film festivalın seçim komissiyasına təqdim olunub. Komissiya göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edib. Beləliklə, festivalın müsabiqə proqramına 40 ölkədən 84 film daxil edilib.
   Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə (ölkə, region, şəhər; mədəniyyət, ənənə; ekoloji turizm və digər turizm növləri; TV məhsullar (filmlər, videoçarxlar); reklam filmləri) yarışacaqlar.
   Filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. 
   I yerə qızıl mükafat (diplom və mükafat), II yerə gümüş, III yerə bürünc mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filmi isə Qran-pri mükafatı ilə təltif olunacaq. Festivalda yarışan yerli filmlər həm də Milli mükafat uğrunda mübarizə aparacaqlar. 
   Qeyd edək ki, Bakıda turizm filmləri festivalı ilk dəfə 20-24 noyabr 2013-cü il tarixində keçirilib. IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 20-dək qonağın dəvət olunması nəzərdə tutulur. Tədbir günlərində müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəlliflərinin turizm mütəxəssisləri və media təmsilçiləri ilə görüşləri keçiriləcək.
   Dünyanın onlarla ölkəsinin qatıldığı bu festival ölkəmizin turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq. BBTFF mənzil-qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın təşkilati işlərini “Salnamə” studiyası həyata keçirir.
   Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar. 
   
   Fariz Hüseynov