Oktyabrın 6-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru, Əməkdar incəsənət xadimi Arif Nərimanbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə təşkil olunan tədbirin iştirakçıları əvvəlcə sənətkarın yaradıcılığına həsr olunmuş fotosərgiyə baxıblar. Sonra Arif Nərimanbəyovun ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə əməkdar incəsənət xadimləri - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev, kino tarixçisi Aydın Kazımzadə və başqaları çıxış edərək görkəmli kinematoqrafçının keçdiyi həyat yolu və yaradıcılığından söhbət açıblar.
Bildirilib ki, Azərbaycan kinosunun zəngin salnaməsini yaradanlar sırasında görkəmli kinooperatoru Arif Nərimanbəyovun xüsusi yeri var. O, fərqli janrlarda, müxtəlif xarakterli filmlərin operatoru olub. Hansı janrda ssenari yazılırdısa, o janra uyğun öz təsvir üsulunu qururdu.
Arif Nərimanbəyov “Fətəli xan”, “Bakının işıqları”, “Arşın mal alan” bədii filmlərində ikinci operator işləyib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri” (M.Mustafayevlə birgə), “Leyli və Məcnun”, “Möcüzələr adası”, “Qaraca qız”, “İnsan məskən salır”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Həyat bizi sınayır”, “Var olun, qızlar”, “Ömrün səhifələri”, “Ürək, ürək”, “Dərviş Parisi partladır” (Z.Məhərrəmovla birgə), “Bayquş gələndə”, “Onun bəlalı sevgisi”, “Nizami” bədii filmlərinin quruluşçu operatoru olub. Həmçinin ondan artıq sənədli film çəkib.
A.Nərimanbəyov 1992-ci il mayın 16-da vəfat edib.