Oktyabrın 7-də Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında V Alma bayramı və I Xalça festivalı keçirilib.
2012-ci ildən ənənəvi olaraq keçirilən Alma bayramına Milli Məclisin deputatları, bir sıra nazirliklərin məsul şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, elm və mədəniyyət xadimləri qatılıb.
Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Qonaqlara ölkəmizin şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Çıxış edənlər festivalın keçirilməsinin milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətini qeyd ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov bildirib ki, Qubada 14 min hektara yaxın alma bağı var. Təsərrüfatçılar öz məhsullarını yerli bazarlarda satmaqla yanaşı, xarici bazarlara da çıxarmaq üçün yol açılır.
Çıxışlarda Qubada ilk dəfə Xalça festivalının keçirilməsi də əlamətdar hadisə kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, ölkə başçısının 2016-cı ilin 5 may tarixli sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. “Azərxalça” ASC-nin ilkin mərhələdə açılan filiallarından ikisi Quba və Xaçmaz rayonlarında yerləşir.
Tədbirdə Quba Turizm İnformasiya Mərkəzinin yeni nəşr olunan "Qubanın xalça inciləri" bukleti, xalça şəkilli cib təqvimi və hədiyyə paketləri qonaqlara paylanıb.
Festival iştirakçılarına Azərbaycan xalçaları, onların toxunma prosesi nümayiş etdirilib. Tədbir çərçivəsində xalçaların satışı da təşkil olunub.
Quba rayon MKS tərəfindən “Azərbaycanın xalçaçılıq tarixi” başlıqlı sərgi nümayiş etdirilib. Azərbaycan xalça sənətinə dair 30 adda kitab tədbir iştirakçılarına təqdim edilib.
Bayram tədbiri incəsənət ustalarının konserti ilə başa çatıb.