Oktyabrın 6-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Xalq artisti, görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun (1927-2013) 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə xalq artistləri - Nodar Şaşıqoğlunun uzun illər çalışdığı Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, teatrın aktyorları Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Əməkdar artist Fuad Osmanov, idarənin əməkdaşları Pərvanə Muradzadə, Tomris Hacıyeva, Bilik Fondunun məsləhətçisi, jurnalist-publisist Ramilə Qurbanlı və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər sənətkarın həyat və yaradıcılığından söz açıb, xatirələrini bölüşüblər.
Tədbirdə Nodar Şaşıqoğlunun çəkildiyi “Telefonçu qız” filmindən Tofiq Quliyevin bəstələdiyi “Bakı” mahnısı səsləndirilib, rol aldığı film və tamaşalardan video-çarxlar nümayiş olunub.