Azərbaycan
   
   14 oktyabr 1875 - Maarif xadimi, nasir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875-1941) anadan olub.
   14 oktyabr 1912 - Heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912-2007) Dərbənd şəhərində anadan olub.
   14 oktyabr 1933 - Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 - 2.12.2004) Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
   14 oktyabr 1962 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (20.6.1898 - 1962) vəfat edib. Səhnə fəaliyyətinə Tiflisdə başlayıb, 1925-ci ildən Bakıda Akademik Dram Teatrında çalışıb. "Qızmar günəş altında", "Qara daşlar", "Bir qalanın sirri" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   15 oktyabr 1910 - Tarixçi, ictimai xadim İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub. 
   15 oktyabr 1910 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvan şəhərində anadan olub. “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib. 
   15 oktyabr 1928 - Xalq rəssamı, Prezident təqaüdçüsü Yusif İsmayıl oğlu Hüseynov (1928 - 1.9.2009) Bakıda doğulub. 1977-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri olub.
   15 oktyabr 1932 - Şair Hafiz Həbib oğlu Baxış (1932 - 4.9.1989) Zəngəzur mahalının Yuxarı Kirətağ kəndində doğulub. Sözlərinə mahnılar bəstələnib. Kitabları: “Azərbaycan oğluyam”, “Eşqimi sönməyə qoymaram”, “Dağlar üçün darıxmışam”.
   15 oktyabr 1950 - Xalq artisti, tarzən Ağasəlim Sahib oğlu Abdullayev anadan olub. Azərbaycan Televiziyası Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblının rəhbəridir.
   15 oktyabr 1996 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 - 1996) vəfat edib. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xidmətləri olub.
   
   16 oktyabr 1923 - Xalq yazıçısı, filologiya elmləri doktoru Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 - 8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. 
   16 oktyabr 1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.
   16 oktyabr 1935 - Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935-1979) anadan olub. Bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli (“Mahnıya həsr olunmuş həyat”, “Sevinc sarayı”, “Odla təmasda”) filmlərin ssenari müəllifidir.
   16 oktyabr 1946 - Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.
   16 oktyabr 1949 - Ədəbiyyatşünas, akademik, Əməkdar elm xadimi İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan MR Şərur rayonunun Danyeri kəndində anadan olub. 2013-cü ildən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur.
   
   17 oktyabr 1905 - Yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.
   17 oktyabr 1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Musa oğlu Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi sənədli filmlər studiyasında fəaliyyət göstərib. Bakı kinostudiyasında sənədli filmlər çəkib. 
   17 oktyabr 2003 - Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 - 2003) vəfat edib. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.
   17 oktyabr 1924 - Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924 - 17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
   17 oktyabr 1936 - Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 - 7.1.1999) anadan olub. “Qızıl yəhərli at”, “Çılpaq” və s. əsərlərin, “Vulkana doğru” filminin ssenari müəllifidir. 
   
   Dünya
   
   14 oktyabr 1864 - Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski, 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” romanları, “Qızılgül” pyesi və s. əsərlərin müəllifidir.
   14 oktyabr 1896 - Amerika aktrisası, “Oskar” laureatı Lilian Qiş (Lillian Diana Gish, 1896- 1993) anadan olub. Filmləri: “Toy”, “Komediyaçılar”.
   14 oktyabr 1927 - İngilis aktyoru Rocer Mur (Roger George Moore; 1927 - 23.5.2017) anadan olub. “Agent 007” silsilə filmlərində Ceyms Bond rolunun ifaçısı kimi məşhurlaşıb: “Qızıl tapançalı adam”, “Səkkizayaq” və s.
   
   15 oktyabr 1814 - Rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 - 27.7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” (roman), “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” (poema), “Maskarad” (pyes) və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb. 1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.
   15 oktyabr 1844 - Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 1844 - 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist” və s.
   15 oktyabr 1897 - Rus yazıçısı İlya İlf (İxeil Faynzilberg; 1897 - 13.4.1937) anadan olub. Yevgeni Petrov (Katayev) ilə məşhur “12 stul”, “Qızıl buzov” və s. əsərlərin həmmüəllifidir.
   15 oktyabr 1905 - İngilis yazıçısı Çarlz Persi Snou (Charles Percy Snow, 1905-1980) anadan olub. Əsərləri: “Özgələr və qardaşlar”, “Hakimiyyət dəhlizləri”, “Yelkənlər altında ölüm” və s.
   15 oktyabr 1920 - İtalyan əsilli Amerika yazıçısı, ssenarist Mario Pyuzo (Mario Puzo, 1920-1999) anadan olub. Əsərləri “Xaç atası” (roman və eyniadlı filmin ssenarisi), “Siciliyalı”, “Xoşbəxt səhifə” və s.
   15 oktyabr 1929 - Serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929-2009) anadan olub. Xəzər xaqanlığından (VIII-IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanının müəllifidir. 
   
   16 oktyabr 1854 - İrland şairi və dramaturqu Oskar Uayld (Oscar Fingal O'Flahertie Wills Wilde, 1854-1900) anadan olub. “Diriana Qreyin portreti” romanı, “İdeal ər”, “Diqqətə layiq olmayan qadın” və s. pyeslərin müəllifidir.
   16 oktyabr 1888 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936) Yudjin O’Nil (Eugene Gladstone O'Neill; 1888-1953) anadan olub. Pyesləri: “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət”.
   16 oktyabr 1927 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass; 1927 - 13.4.2015) anadan olub. Əsərləri: “Tənəkə təbili”, “Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”. 
   16 oktyabr 1948 - Hind aktrisası, rejissor Hema Malini anadan olub. Çəkildiyi məşhur filmlər: “Zita və Gita”, “Qisas və qanun”, “Əlibaba və qırx quldurun macəraları”, “Cəngəlliklər kralı” və s.
   
   17 oktyabr 1849 - Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin, 22.2.1810 - 1849) vəfat edib. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir. 
   17 oktyabr 1915 - Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller, 1915-2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s. 
   
   Hazırladı: Vüqar Orxan