“Rossiya 24” kanalı Bakıda keçirilən Şopinq festivalı barədə süjet yayımlayıb.
“Böyük İpək yolunda vacib hissə sayılan ölkə Asiya və Avropa arasında ticarət qapısı rolunu oynayaraq, qədim adət-ənənələrini davam etdirir. Bakıda keçirilən ikinci Şopinq festivalı Azərbaycanı özünün fərdi yanaşması ilə bu festivalların ilk dəfə keçirildiyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapur kimi ölkələrlə bir cərgəyə çıxarır”.
Kanalın müxbiri Andrey Şlyapnikov reportajına bu sözlərlə başlayıb. Süjetdə qeyd edilir ki, əgər aprel ayında birinci festival zamanı “Tax Free” sisteminə 200 iştirakçı qoşulubsa, bu dəfə rəqəmlər iki dəfədən çox artıb. Festival ölkəyə daha çox turist cəlb edilməsinə və Bakının turizm potensialının nümayiş etdirilməsinə yönəldilib. Təkcə keçən mövsümdə Rusiyadan olan turistlərin sayı 32 faiz artıb, bu il yeni rekord - 40 faizdən də artıq artım gözlənilir.
Festivalda təkcə tanınmış dünya brendləri deyil, həmçinin gələcəkdə ixrac olunacaq mallarla ciddi rəqabət apara biləcək yerli brendlər də iştirak edir. Alina Qasımova ilk qadın sahibkardır ki, Rusiyanın aparıcı dizaynerlərinin Bakıda butikini açıb. O, Rusiyadan malları özü alıb gətirir və mağazanın müştəriləri təkcə bakılılar yox, həmçinin yaxın və uzaq xaricdən olan turistlərdir. Reportajda, həmçinin qeyd olunur ki, festival günlərində şəhərin ən yaxşı aşpazlarının yeməklərini aşağı qiymətə dadmaq mümkündür. “Şopinq festivalı sayəsində Azərbaycan fəsillərarası turizmi yay göstəricilərinə çatdırmağa ümid bəsləyir. Artıq respublikada qalmaq xərcinin azaldılması istiqamətində ciddi iş aparılır”, - deyə müxbir vurğulayır.