“Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi
Oktyabrın 17-də Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub. Filmin çəkilişləri Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib. Filmin nümayişindən əvvəl Leyla Əliyeva, ekran əsərinin ssenari müəllifi və rejissoru Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Vüsalə Kərimova səhnəyə çıxıblar.
Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer deyib ki, bu, onlar üçün təkcə film çəkilişləri olmayıb, ekran əsərinin yaradılmasında iştirak edən hər kəs ona öz qəlbinin bir parçasını qoyub. Filmin mövzusu əbədi xeyir və şər qüvvələrin mübarizəsidir. Filmin qəhrəmanları şərlə mübarizə aparır və çox hallarda qalib gəlirlər. Lakin “ruhun xərçəngi” kimi bir anlam var və ona qalib gəlmək o qədər də asan deyil, çünki onun heç bir resepti yoxdur. Bu zaman isə filmin qəhrəmanları olan uşaqlar həyatın çətinlikləri ilə üz-üzə gələrək böyüklərin qarşısında cəsarət, nikbinlik nümunəsi göstərirlər.
Filmin qəhrəmanlarından birinin səhnədə dayanan Vüsalə Kərimova olduğunu deyən rejissor qeyd edib ki, bu qızda olan həyatsevərlik hamı üçün nümunədir. Oleq Şommer filmin nümayişindən əldə edilən vəsaitin həm də bu filmə bu gün zalda tamaşa edən uşaqların müalicəsinə sərf olunacağını diqqətə çatdırıb. Rejissor Heydər Əliyev Fonduna və Bakı Media Mərkəzinə xüsusi təşəkkürünü bildirib.
Filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva ekran əsərinin əhəmiyyətindən danışıb. “Bu filmin xeyir və şər haqqında olduğunu demək istəmirəm, film xeyir haqqındadır. Ona görə ki, dünyada ən böyük qüvvə - sevgi, xeyir və inamdır. Bu filmi hər kəs özünün istədiyi kimi qəbul edəcək. Ümidvaram ki, hər kəs orada özünə aid olan məqamlar görəcək”, - deyən Leyla Əliyeva heç kəsin heç bir cəhətdən başqalarından yaxşı və ya pis olmadığını vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, hər kəsin bu həyatda öz rolu var və biz kiməsə kömək edəndə özümüzə kömək edirik.
Sonra ekran əsəri nümayiş olunub.
Xeyir və şərin əbədi qarşıdurmasında birincinin qalib gəlməsi üçün nə etmək lazımdır? Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar. Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda hər gününü yaxşılıq etməklə başlayan, bununla da “iblislər”in yenidən ona hakim olmamasına çalışan şəxsi görürük. Eyni zamanda, filmdə həkimlər uşaqları onkoloji xəstəlikdən xilas edərək aydın şəkildə şərlə mübarizə aparırlar və çox hallarda qalib gəlirlər.
Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, normal həyat tərzi yaşayır: ali məktəbdə oxuyur, rəqslə məşğul olur, paraşütdən tullanır, bununla da çətinliklərin öhdəsindən gələ bilir.
Filmdə əsərləri 50 dilə tərcümə olunan fransız yazıçı və dramaturq Erik Emmanuel Şmittin həyatı dəyərləndirməyə dair müsahibəsi də yer alıb. Beləliklə, film həyatın həqiqi dəyərlərindən bəhs edərək, hər kəsin şərə qarşı bir peyvənd vurdura biləcəyi, “həyatı daha gözəl etmək hər birimizin əlindədir” fikrini çatdırır.
Təqdimat mərasimində Bakının və Moskvanın uşaq evlərinin sakinləri də iştirak ediblər.
Sonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun “Uşaq diplomatiyası” proqramı çərçivəsində Bakıya gəlmiş Moskvadakı “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin yetirmələri və Bakının uşaq evlərinin sakinləri ilə görüşüb, onlarla səmimi söhbət edib.
Moskvadan gələn uşaqlar üçün Bakıda keçirəcəkləri 8 gün ərzində maraqlı proqram hazırlanıb. Onlar ölkəmizlə daha yaxından tanış olmaq və həmyaşıdları ilə dostluq əlaqələri qurmaq imkanı qazanacaqlar. Proqram çərçivəsində bu ilin yay aylarında Azərbaycanın uşaq evlərinin sakinləri Rusiya paytaxtında olublar.