Azərbaycan
   
   28 oktyabr 1911 - Xalq yazıçısı, dramaturq, akademik, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (1911 - 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə Bakıya gəlib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin (1954-1958), SSRİ-nin Asiya və Afrika Xalqları ilə Həmrəylik Komitəsinin sədri olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib. 
   28 oktyabr 1941 - Kinooperator Vaqif Muradov anadan olub. Filmləri: “Uşaqlığın son gecəsi” (operator assistenti), “Yuxu” (ikinci operator) və s. “Mozalan” kinojurnalının bir çox buraxılışlarının operatorudur.
   
   29 oktyabr 1937 - Tanınmış dirijor, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Canbaxış oğlu Abdullayev anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəridir. Azərbaycan Dövlət Opera və Balet Teatrının (1968-1984), Ankara Opera və Balet Teatrının (1993-1997) baş dirijoru işləyib.
   29 oktyabr 1941 - Xalq artisti Ağaxan Əli oğlu Salmanlı Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışır. Televiziya tamaşalarında (“Ordan-burdan”, “Nigarançılıq” və s.) çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib. 
   29 oktyabr 1949 - Aktyor Şahin Cəbrayılov (1949 - 5.9.2007) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”), filmlərdə (“Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər” və s.) çəkilib.
   29 oktyabr 1993 - Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 707 kvadrat kilometr ərazisi qəsb olunub, 35 min nəfər yurd-yuvasından didərgin düşüb. Rayonun iqtisadi infrastrukturu, 50-dən çox kitabxana, 30-dan çox klub, 9 mədəniyyət evi talan edilib. Zəngilan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda işğal etdiyi yeddinci rayonudur. 
   
   30 oktyabr 1880 - Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 - 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. 1905-ci ildən xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub. 
   30 oktyabr 1907 - Jurnalist, tərcüməçi və naşir Adil Ələddin oğlu Əfəndiyev (1907-1973) anadan olub. Respublika Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-Azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. 
   30 oktyabr 1928 - Tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyev (1928 - 13.2.2010) Qazaxda doğulub. 30-dək kitabın müəllifidir. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.
   30 oktyabr 1930 - Azərbaycan Yazıçılar İttifaqının “Hücum” jurnalı nəşrə başlayıb. 
   30 oktyabr 1941 - Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Oqtay Ələkbər oğlu Babazadə anadan olub. 
   30 oktyabr 2005 - Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950 - 2005) vəfat edib. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, bir sıra populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü” və s.) müəllifi olub.
   30 oktyabr 1948 - Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Məmməd oğlu Əmirli Ağdam rayonunun Novruzlu kəndində doğulub. "Meydan", "Axirətdən qabaq gəzinti", "Ölü doğan şəhər" romanlarının, "Bala bəla sözündəndir", "Köhnə ev", “Mesenat”, "Varlı qadın", “Şah Qacar” və s. pyeslərin müəllifdir. 
   
   31 oktyabr 1940 - Bəstəkar, musiqişünas Nərgiz Mahmud qızı Şəfiyeva Bakıda anadan olub. 
   31 oktyabr 1955 - Bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda doğulub. 
   31 oktyabr 1963 - Bəstəkar, dirijor, Əməkdar incəsənət xadimi Nadir Nəriman oğlu Əzimov anadan olub.
   
   Dünya
   
   28 oktyabr Beynəlxalq animasiya günüdür (International Animation Day). 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib. Əlamətdar gün 2002-ci ildə Beynəlxalq Animasiya Kinosu Assosiasiyası tərəfindən təsis olunub. 
   28 oktyabr 1957 - Türkiyə müğənnisi, bəstəkar Əhməd Qaya (1957 - 16.11.2000) Malatyada anadan olub.
   28 oktyabr 1967 - Amerika kinoaktrisası Culiya Roberts (Julia Roberts) anadan olub. Filmləri: “Gözəlçə”, “Ən yaxın dostun toyu”, “Erin Brokoviç” (“Oskar” mükafatı, 2000) və s.
   
   29 oktyabr 1863 - Beynəlxalq Qırmızı Xaç Komitəsinin (International Committee of the Red Cross - ICRC) yarandığı gündür. İsveçrəli iş adamı, xeyriyyəçi Anri Dünan (Jean Henri Dunant, 1828-1910) tərəfindən təsis edilən humanitar təşkilat silahlı münaqişələrdən zərər çəkənlərə yardım göstərir.
   29 oktyabr 1923 - Ankarada, Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Türkiyə Cümhuriyyəti elan olunub, Mustafa Kamal paşa yeni dövlətin ilk prezidenti seçilib.
   29 oktyabr 1947 - Amerika aktyoru, “Oskar” laureatı Riçard Dreyfus (Richard Stephen Dreyfuss) anadan olub.
   
   30 oktyabr 1751 - İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan, 1751-1816) anadan olub.
   30 oktyabr 1871 - Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery - Ambroise Paul Toussaint Jules Valery, 1871-1945) anadan olub.
   30 oktyabr 1937 - Fransız rejissoru, ssenarist, operator, aktyor Klod Leluş (Claude Lelouch) anadan olub. “Qadın və kişi” filminə görə “Oskar” mükafatına (1966) layiq görülüb.
   
   31 oktyabr 1922 - SSRİ-nin Xalq artisti Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul”, ”Uğur centlmenləri”, “Şikayət kitabını verin” və s.
   31 oktyabr 1993 - İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 20.1.1920 - 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s. 
   
   Hazırladı: Vüqar Orxan