ABŞ-ın Los-Anceles şəhərində keçirilən Asiya Dünya Film Festivalı çərçivəsində Azərbaycanın “Oskar” mükafatına təqdim etdiyi “Nar bağı” filmi nümayiş olunub.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Filmin təqdimatından əvvəl çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycanda kinonun tarixi haqqında məlumat verib, təqdim olunan filmin maraqlı ekran əsəri olduğunu bildirib.
Asiya Dünya Film Festivalının rəhbərliyinə təşəkkür edən diplomat uğurlu əməkdaşlığın artıq ikinci ildir davam etdiyini, ötən il festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri olduğu “Əli və Nino” filminin uğurlu nümayişini xatırladıb.
Festivalın təsisçisi və icraçı direktoru Corc Şamşum çıxışında Azərbaycan filminin festival çərçivəsində nümayişindən və baş konsulluqla əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Los-Ancelesdə yaşayan və Azərbaycan icması fəallarından olan Kimiya Məmmədova “Nar bağı” filminin rejissoru İlqar Nəcəf haqqında məlumat verib, onun müraciətini tamaşaçılara çatdırıb.
Daha sonra nümayiş olunan film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.