Mingəçevir Turizm Kollecində “Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar” mövzusunda regional konfrans keçirilib.
Konfransda şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm və Menecment Universiteti, Qəbələ və Mingəçevir turizm informasiya mərkəzləri, Mingəçevir, Qəbələ və Naftalanın turizm müəssisələrinin nümayəndələri iştirak edib.
Kollecin direktoru Əyyub Əyyubov Azərbaycanda turizmin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək Mingəçevirin də daxil olduğu coğrafiyada mövcud sağlamlıq-rekreasiya turizmini daha da müasirləşdirmək, yeni infrastrukturlar yaratmaq üçün imkanlar olduğunu deyib. Bunun üçün həmin sahələrin perspektivləri barədə daha dərin təhlillər aparılmalıdır.
Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin əməkdaşı Cavid Əliyev, şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev və Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov çıxış edərək konfransda müzakirə olunan mövzuların aktuallığını qeyd ediblər. Vurğulanıb ki, Mingəçevir şəhəri sağlamlıq-rekreasiya turizminin inkişaf etdirilməsi baxımdan real imkanlara malik bir coğrafiyada yerləşir.
Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib.