1997-ci il noyabrın 1-də Tokio şəhərində keçirilən Beynəlxalq film festivalında tamaşaçılar ilk dəfə Ceyms Kemeronun məşhur laynerin dəhşətli qəzasından (1912) bəhs edən və kino tarixinin ən bahalı və ən çox gəlir gətirən ekran əsərlərindən olan “Titanik” filmini seyr etmişdilər.
   Rejissor Kemeron filmin yaradılmasına çox ciddi yanaşmışdı. İlk öncə o, batmış laynerin dağıntıları olan yerə enmişdi. Eyni zamanda gəminin dağılmış gövdəsinin nəhəng maketini inşa etdirmiş və qəzanın animasiya rolikini yaratmışdı. 
   «Paramount Pictures» və «20th Century Fox» studiyalarının ərsəyə gətirdiyi filmə ümumilikdə 200 milyon dollar xərclənmişdi. Okean fonunda nəhəng ölçüyə (təxmini 230 metr) malik olan “Titanik”in dekorasiyasını çəkmək üçün yeni studiya qurulmuşdu. Kemeron filmin çəkilişlərinə o dövr üçün hələ məşhur olmayan və karyeralarına təzə başlamış 21 yaşlı ingiltərəli aktrisa Keyt Uinslet və 22 yaşlı Leonardo Di Kaprionu dəvət etmişdi.
   «Titanik» Amerikada prokata çıxandan sonra 15 həftə ərzində ölkə kinoteatrlarında nümayiş olunan filmlər arasında liderliyi qoruyub saxladı. Kinoteatrlarda film baxışlarından ümumi gəlir 600 milyon dollardan çox olub. Dünya prokatında da təsəvvür edilə bilməyən hadisə baş verdi - film 1,244 milyard dollar qazanc gətirdi. Ümumilikdə 1,843 milyard dollar gəlir gətirən «Titanik» kino tarixində 12 il ərzində, Ceyms Kemeronun yeni layihəsi - “Avatar” ekranlara çıxana qədər, liderliyini qoruyub saxlayıb. 1998-ci ildə 14 nominasiya üzrə «Oskar» mükafatına namizəd göstərilən film 11 nominasiyada qalib olub.
   
   İlona