Xəbər verdiyimiz kimi, noyabrın 2-dən 12-dək Bakıda VIII Avropa film festivalı keçirilir. Festivalın proqramına 18 ölkədən 21 ekran əsəri daxildir.
   "Park Cinema Bulvar" kinoteatrında keçirilən açılış mərasimində çıxış edən Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas söylədi ki, artıq 8-ci dəfə baş tutan festival Azərbaycanın Aİ ölkələri ilə mədəni münasibətlərinin inkişafına kömək edir: "Film nümayişləri zamanı zalların dolu olması festival təşkilatçıları üçün böyük hədiyyədir". 
   Festivalın ilk günündə "Lümyerlər!" (Fransa) və "Meymun" (Bolqarıstan) filmləri göstərildi. 
   Rejissor Tyeri Fremonun "Lümyerlər!" filmi kinematoqrafın başlanğıcına səyahət, kino sənətini icad etmiş Lümyer qardaşlarının çəkdikləri filmlərin bərpa edilmiş kadrları ilə zəngin olmasına görə diqqəti çəkdi. Film haqqında film, kino tarixi barədə esse kimi səciyyələndirilən ekran əsərində Tyeri Fremonun özü, məşhur kinorejissor Martin Skorseze çəkiliblər, Lui və Ogüst Lümyer qardaşlarının lentlərindən istifadə edilib. 
   Rejissor Dimitar Kotsevin "Meymun" dramı iki yeniyetmənin həyatından bəhs edir. Onlar hətta böyüklərin də soruşmağa cəsarət etmədikləri suallara cavab axtarırlar. 
   Festivalın proqramına daxil edilmiş filmlər "Park Cinema Metropark", "Park Cinema Flame Towers" və "Park Cinema Park Bulvar"da nümayiş olunur. Filmlər orijinalın dilində, ingilis və rus dillərində altyazı ilə göstərilir. Bütün seanslara giriş sərbəstdir. 
   Festivalda Azərbaycanı təmsil edən İlqar Nəcəfin "Nar bağı" filmi noyabrın 8-də "Park Cinema Metropark"da göstəriləcək. 
   
   G.Mirməmməd