Mədəniyyət və Turizm Nazirliyində Misirin nümayəndə heyəti ilə görüş
   
   Noyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının Cənubi Sinay Vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Görüşdə Misirin ölkəmizdəki səfiri Syuzan Cəmil Nuh iştirak edirdi.
   Qonaqları salamlayan Əbülfəs Qarayev iki ölkə arasında əlaqələrin inkişaf etdiyini dedi. Bildirdi ki, mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir. Mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var: “Azərbaycanla Misir arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirilib. O cümlədən qarşılıqlı mədəniyyət günləri təşkil olunub. Bizim vətəndaşların Misir mədəniyyətinə xüsusi marağı var”.
   Nazir son illər ölkəmizdə turizm sənayesində həyata keçirilən işlər haqqında danışdı. Qeyd etdi ki, zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına zəmin yaradır: “İndi biz ölkəmizə daha çox xarici turistlərin cəlb olunmasına çalışırıq. Bu baxımdan böyük turizm potensialı olan Misirlə qarşılıqlı turist səfərlərinin artırılması üçün imkanlarımızdan daha səmərəli istifadə etməliyik. Bunun üçün qarşılıqlı infoturların, tanıtım layihələrinin icra olunması vacibdir. Həmçinin birbaşa aviareyslərin açılması da qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər”.
   Əbülfəs Qarayev turistlərin təhlükəsizliyinin xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğuladı. Nazir həmçinin Misirin turizm təşkilatlarını və şirkətlərini gələn ilin aprel ayında ölkəmizdə keçiriləcək Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (AİTF 2018) fəal iştirak etməyə dəvət etdi. 
   Xalid Fuda öz növbəsində iki ölkə arasında əlaqələrin daha da yüksəldilməsinin vacibliyini bildirdi. Qonaq mövcud əməkdaşlığın və dost münasibətlərin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi, qarşılıqlı turist səfərlərinin artırılmasına hazır olduqlarını diqqətə çatdırdı. 
   Qubernator Azərbaycan turistlərinin dünyanın məşhur turizm mərkəzlərindən sayılan Şarm Əl-Şeyxdə, eyni zamanda misirli turistlərin Azərbaycanda istirahətini daha rahat təşkil etmək məqsədilə birbaşa reysin açılmasının fayda verəcəyini dedi. Bunun Misirlə Azərbaycan arasında nəinki turizm, eləcə də siyasi və iqtisadi münasibətlərin genişlənməsi baxımından əhəmiyyətli olacağı bildirildi.
   Xalid Fuda Cənubi Sinaya gələn turistlərin təhlükəsizliyi üçün təminat verərək bildirdi ki, bu regionda sabitlik hökm sürür. Qonaq qarşıdakı illərdə əlaqələrin daha da güclənəcəyinə inandığını dedi.
   Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.
   
   Fariz