Noyabrın 16-da Nizami Kino Mərkəzində Türk filmləri həftəsinin açılışı oldu. Layihə Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşır.
Mərasimdə öncə iki qardaş ölkənin şəhid övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi, dövlət himnləri səsləndirildi.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirdi ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan və bütün bunları çox yaxından hiss edən, ürəyi bir vuran eyni millətdir. Diplomat qeyd etdi ki, Bakıda üçüncü dəfə keçirilən Türk filmləri həftəsi həm də iki ölkənin kino mütəxəssislərinə təcrübə mübadiləsi imkanıdır: “Bir-birimizi daha yaxından tanımaq və anlamaq üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə öyrətməli və öyrənməliyik”.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev paytaxtımızda Türk filmləri həftəsinin gözəl bir ənənəyə çevrildiyini vurğuladı: “Ulu öndər Heydər Əliyevin söylədiyi “Bir millət - iki dövlət” anlamını biz bu gün daxilən yaşayır və hiss edirik. Azərbaycan və Türkiyə böyük iqtisadi layihələrdə birgə iştirak edir. Mədəniyyət və turizm sahəsində də əməkdaşlıq, qarşılıqlı əlaqələr daim inkişafdadır. Bir müddət əvvəl Türkiyədə Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyini qeyd etdik. Bu gün isə Bakıda Türk filmləri həftəsi başlanır. Belə mədəni tədbirlər iki qardaş ölkə arasında böyük əhəmiyyət kəsb edir. Birgə layihələr, mədəniyyətlərimizin bir arada təqdimi böyük töhfələr verəcək. Xoş təsadüfdür ki, Bakıda keçirilən Beynəlxalq turizm filmləri festivalı ilə bir vaxtda Türk filmləri həftəsi də bir-birindən maraqlı ekran əsərləri ilə Azərbaycan tamaşaçısının görüşünə gəlib. İnanıram ki, həm turizm, həm də mədəni sahədə əməkdaşlığımız xalqlarımızın qədim mədəniyyətimizi yaxından tanımasında mühüm rol oynayacaq”.
Daha sonra çıxış edən Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Yerli Düşüncə Dərnəyinin sədri, millət vəkili Metin Gündoğdu layihənin əhəmiyyətindən bəhs etdilər.
Vurğulandı ki, müasir dövrdə kino əlaqənin, tanışlığın ən təsirli vasitələrindən biridir. Türk filmlərini yalnız Azərbaycanda deyil, türk dünyasında da nümayiş etdirmək niyyətindəyik. Eyni zamanda, türk dünyası ölkələrinin filmləri də qarşılıqlı olaraq digər ölkələrdə təqdim edilməlidir. Mədəni tədbirlər vasitəsilə biz birliyimizi, həmrəyliyimizi bir daha nümayiş etdirmək istəyirik.
Rejissor Öner Kılıç təşkil edilən film həftəsində azərbaycanlı kinosevərlərə dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış filmlərin təqdim olunacağını söylədi.
Sonra həftə çərçivəsində Bakıda qonaq olan türk aktyor və rejissorlarına təşkilat komitəsinin mükafatları təqdim edildi. Ardınca “Yeni dünya” filmi nümayiş olundu.
Noyabrın 20-dək davam edəcək Türk filmləri həftəsində “Aşıq”, “Bir gün bir uşaq”, “Şagird” və s. filmlər nümayiş olunacaq. Həmçinin Türkiyədən gələn tanınmış aktyor və rejissorlarla görüşlər keçiriləcək.
L.Azəri