Azərbaycanlı rejissorun filmi Estoniyada kinofestivalda
Noyabrın 17-də Estoniyada Şimali Avropanın ən iri kinofestivallarından biri - “Qaranlıq gecələr” (PÖFF) festivalı başlanır. 21-ci dəfə keçirilən festivalın proqramına 70-dən artıq ölkədən filmlər daxil edilib.
Festivalda azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi də təqdim olunacaq. “Oskar” kino mükafatına namizədliyi irəli sürülən kinolent Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə “Buta Film”in birgə istehsalıdır. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Rolaf Yan Minneboodur. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digər aktyorlar canlandırıb.
Xatırladaq ki, “Nar bağı” bu yaxınlarda Asiya-Sakit Okean Kino Akademiyasının “Young Cinema Award” mükafatına layiq görülüb. İlqar Nəcəf noyabrın 23-də mükafatın təqdimetmə mərasimində iştirak edəcək. O, artıq ikinci dəfə Asiya-Sakit Okean Kino Akademiyasının mükafatına layiq görülür. Rejissorun “Buta” filmi 2011-ci ildə akademiyanın “Ən yaxşı uşaq filmi” nominasiyasının qalibi olub.