Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Türkiyədə, 7-ci Malatya Beynəlxalq Film Festivalında baş mükafata layiq görülüb.
Ekran əsəri noyabrın 9-dan 16-dək davam edən festivalın tammetrajlı filmlər müsabiqəsində “Ən yaxşı film” seçilərək “Büllur ərik” mükafatını qazanıb. Mükafat festivalda iştirak edən baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənovaya təqdim edilib. “Nar bağı” filmi strukturuna, poetik dilinə, dərin insanpərvərliyinə, xüsusilə də illərlə yaddaşlardan silinməyəcək son səhnəsinə və yaddaqalan obrazlarına görə təltif edilib.
“Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti tərəfindən istehsal edilib.
Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Psixoloji dram janrında çəkilən filmdə rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.
Xatırladaq ki, “Nar bağı” bu yaxınlarda Asiya-Sakit Okean Kino Akademiyasının “Young Cinema Award” mükafatına da layiq görülüb. İlqar Nəcəf noyabrın 23-də mükafatın təqdimetmə mərasimində iştirak edəcək.