Noyabrın 24-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi film festivalı qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək festival haqqında məlumat verib. Bildirilib ki, festivalda Şuranın dəstəyi ilə 2008-2016-cı illərdə ekranlaşdırılmış 100-dən artıq film iştirak edib. Son illər ölkəmizdə film festivallarının coğrafiyasının genişləndiyini deyən C.Quliyev vurğulayıb ki, bir sıra dövlət qurumları da film festivallarının keçirilməsinə dəstək verir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev festivalın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, festival QHT-lərin ölkəmizin milli maraqlarının ölkədə və beynəlxalq aləmdə təbliği, habelə ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə təşkil olunub. Bu festivalın keçirilməsi həm də QHT-lər arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyır.
Şura sədri bildirib ki, festivalda iştirak edən 100 film içərisindən 15 ekran işi diplom və mükafatlara layiq görülüb. QHT rəhbərlərinə müəyyən tövsiyələrlə müraciət edən Şura sədri deyib: “Festival elan edildikdən sonra Şuranın daxilində komissiya yaratdıq ki, yaxşı işləri seçə bilək. Tövsiyə edirəm ki, bu işlə məşğul olan QHT-lər hazırlanan film çarxlarının televiziyaların standartlarına uyğun gəlməsinə diqqət göstərsinlər”.
Münsiflər heyətinə təşəkkür edən C.Quliyev Kinematoqrafçılar İttifaqının gördüyü işlərdən danışıb, qalibləri təbrik edib.
Sonra qalib ekran əsərlərinin adları açıqlanıb. “25 ilin akkordları” filmi festivalın xüsusi mükafatına layiq görülüb. “Uçmaq istəyirəm” filmi birinci, “Əsgər atası” filmi ikinci, “Günahkarlar və günahsızlar” filmi üçüncü yeri qazanıb. Daha 11 ekran əsərinə festivalın diplomları təqdim olunub.