Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean Ölkələri Kino Akademiyasının “Asia Pacific Screen Award” mükafatlarının təqdimetmə mərasimi olub. Kino akademiyasının üzvü olan azərbaycanlı rejissor İlqar Nəcəf mərasimdə iştirak edib.
Xəbər verdiyimiz kimi, İlqar Nəcəfin “Nar bağı” filmi akademiyanın “Young Cinema Award” nominasiyasında qalib olub. Rejissor “Asiya Oskarı" kimi tanınan bu mükafata ikinci dəfədir ki, layiq görülür. Bir neçə il öncə onun “Buta” filmi də “Ən yaxşı uşaq filmi" nominasiyasında qalib olmuşdu.
2007-ci ildə yaranan akademiyaya Rusiya, Çin, İran, Hindistan kimi ölkələr daxildir. Akademiyanın mükafatına Əsgər Fərhadi, Andrey Zvyagintsev və Nuri Bilgə Ceylan kimi sənətkarlar layiq görülüblər.