2018-ci il yanvarın 16-dan etibarən Bakı-Sofiya-Bakı aviareysinin açılması münasibətilə Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi, “Bulgaria APG” və “Buta Airways” şirkətlərinin birgə təşkilatçılığı ilə Sofiyada tədbir keçirilib.
Tədbirə Bolqarıstanın Xalq Məclisinin sədr müavini Valeri Jablyanov, Bolqarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Həmid Həmid və sədr müavini Dimitr Georgiyev, aidiyyəti nazirlik və qurumların rəsmiləri, avia və turizm şirkətlərinin təmsilçiləri qatılıb.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın turizm nazirinin müavini İrena Georgiyeva və “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə tədbirdə çıxış ediblər.
Səfir N.Qurbanova iki ölkə əlaqələrində nəqliyyat sahəsinin prioritet istiqamətlərdən olduğunu bildirib, oktyabrın 30-da açlışı keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun Bolqarıstan və daha geniş coğrafiya ölkələrinə faydası haqqında danışıb. Səfir ölkəmizin turizm potensialı barədə məlumat verərək hər iki tərəfin açılacaq aviareysdən həm də tranzit məqsədilə faydalana biləcəyini vurğulayıb.
Nazir müavini İrena Georgiyeva Bolqarıstanın turizm potensialından, eləcə də son illərdə bu sahənin intensiv inkişafından bəhs edərək ölkəsinin Azərbaycan üçün maraqlı turizm istiqaməti olacağını, birbaşa hava əlaqəsinin iki ölkə arasında turizmin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini deyib. O, Bolqarıstanın Turizm Nazirliyinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə həm ikitərəfli əsasda, həm də Dünya Turizm Təşkilatı daxil olmaqda çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyini bildirib. Nazir müavini cari ilin aprel ayında Bakıda keçirilmiş XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Bolqarıstanın milli stendlə təmsil olunduğunu xüsusi vurğulayıb.
Cəmil Manizadə “Buta Airways” aviaşirkətinin bir ildir ki, yaradıldığını, bu müddət ərzində kommersiya cəhətdən cəlbedici xidmət təklif edərək kifayət qədər nailiyyətlər əldə etdiyini qeyd edib. O, Bakı-Sofiya-Bakı birbaşa hava əlaqəsinin də uğurlu və davamlı olacağına ümidini ifadə edib.
Daha sonra “Buta Airways” şirkətinin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də həyata keçiriləcək uçuş haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıblar. Tədbir “SilkWay Travel” şirkətinin Azərbaycanın turizm potensialını əhatə edən təqdimatı və iştirakçılar üçün hədiyyələr nəzərdə tutan lotereya ilə davam etdirilib. Nahar zamanı isə Azərbaycan şərab və şirniyyatlarının dequstasiyası təşkil edilib.