Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Omanın paytaxtı Məsqət şəhərində II Dünya Turizm və Mədəniyyət Konfransında iştirak edib. “İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov və nazirliyin əməkdaşı Araz Bağırlının da daxil olduğu heyət Oman Sultanlığına səfər çərçivəsində bir sıra görüşlər keçirib.
Dekabrın 11-də Omanın turizm naziri Əhməd bin Nasser Əl Məhrizi ilə görüşən Nazim Səmədov son dövrlər bu ölkədən Azərbaycana gələn turistlərin sayında ciddi artım olduğunu deyib. Qeyd olunub ki, Oman vətəndaşları ölkəmizə səfər edən əcnəbi turistlər sırasında 11-ci yerdədir.
Nazir Əhməd bin Nasser Əl Məhrizi Azərbaycanda bir neçə dəfə olduğunu, ölkəmizin mədəniyyətinə, mətbəxinə, musiqisinə heyran qaldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan kimi ölkələr məhz öz mədəniyyətini dünya turizm bazarına çıxarmaqla böyük turist kütləsi cəlb etməyə qadirdir. Görüşün sonunda omanlı nazir N.Səmədova xatirə hədiyyəsi təqdim edib.
Ertəsi gün “Oman Air” şirkətinin baş direktoru və kommersiya üzrə vitse-prezidenti Əbdulrəhman Əl Busaydi və Oman Sultanlığının turizm nazirinin müavini Mayta Saif Məcid Əl Məhruqi ilə görüş keçirilib.
Görüşdə Omandan Azərbaycana gələn turistlərin sürətli artımı, bu artımın hava yolları şirkətləri üçün yaratdığı imkanlar müzakirə edilib. N.Səmədov "Oman Air" şirkətinin ölkəmizə birbaşa reys açılması perspektivlərinin araşdırılmasının önəmini, Azərbaycanın əlverişli mövqeyinin başqa coğrafiyalara çıxışı asanlaşdırdığını vurğulayıb.
Həmsöhbətlər Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını qeyd edərək əlaqələrin genişləndirilməsi məqsədilə 2018-ci ilin mart ayında keçiriləcək İTB Berlin beynəlxalq turizm sərgisi çərçivəsində özəl sektor nümayəndələrinin görüşünü keçirməyi təklif ediblər. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə turizm komissiyasının fəaliyyəti razılaşdırılıb.
Səfər çərçivəsində həmçinin N.Səmədov Bəhreyn Turizm və Sərgilər Təşkilatının baş direktoru Haled bin Hamud Əl Xəlifə, İraq mədəniyyət, turizm və antik əşyalar naziri Firyad Hassan, İran Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı sədrinin müavini Mohammed Moheb Xudai və Dünya Bankının şəhərlər üzrə aparıcı mütəxəssisi Əhməd Eyveyda ilə görüşlər keçirib.
Səfərin sonunda nümayəndə heyəti Məsqət şəhərinin tarixi-mədəni abidələri, Opera evi, Sultan sarayı və Oman Milli Muzeyi ilə tanış olub.