Dekabrın 19-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən qısametrajlı bədii film layihələri müsabiqəsinə qatılmaq istəyən ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərlə əlaqədar təşkilatçılarla görüş keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, şöbənin əməkdaşı Elşad Əliyev çıxış edərək müsabiqə barədə məlumat veriblər. Bildirilib ki, müsabiqənin məqsədi 2018-ci ildə keçiriləcək Azərbaycan kinosunun 120 illik yubileyinə hazırlıqla əlaqədar kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaqdır. Müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil kino şirkətləri iştirak edə bilərlər. Müstəqil fəaliyyət göstərən gənc müəlliflər müsabiqədə iştirak etmək üçün layihələrini prodüser mərkəzlərinə təqdim etməlidirlər. Kino layihəsinin prodüseri və rejissoru 35 yaşadək kinematoqrafçılar olmalıdır. Müsabiqə üçün sənədlər müvafiq tələblər nəzərə alınmaqla 2018-ci il aprelin 20-dək nazirliyə təqdim edilməlidir.
Sonra tədbir ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.