(İkinci yazı)
Kinonun yarandığı vaxtdan bədii məzmunun, qəhrəmanların yaşantılarının, münasibətlərinin xarakterinin açılmasında musiqi önəmli vasitə olub. Azərbaycan kinematoqrafiyasında milli musiqimizlə yanaşı əcnəbi melodiyalar da nəzərəçarpacaq yer tutur. Bu kontekstdə son onilliklərin filmlərindən söz açacağıq. Xatırladaq ki, milli kinoda dövrün tanınmış, populyar əcnəbi musiqiləri 1960-cı illərdən dəbə düşüb.
“Siz bir bu musiqini dinləyin, fantastikadır...”
1978-ci ildə rejissor Yuli Qusman “Bir ailəlik bağ evi” filmini lentə alır. Filmdə “Rio Rita” mahnısı səslənir. 1927-ci ildə ispan əsilli müğənni Enriki Santeuxininin ifasında səslənən bu musiqi Brodvey müziklləri üçün yazılmışdı. Mahnı o qədər məşhurlaşır ki, bütün Avropada bu ad altında gecə klubları açılır. Keçmiş SSRİ-də 1937-ci ildən populyarlaşmağa başlayan mahnının ilk variantı instrumental olsa da, müğənni sonradan ona sözlər əlavə edir. İfaçı Donna Samerin “Love to love baby” mahnısı həmin dövrdə bütün disko dünyasında tüğyan edir. Bu kompozisiya adıçəkilən filmdə Xalq artisti Rasim Balayevin yaratdığı qəhrəmanın zövqündən xəbər verir. O, bağa gələn qonaqlarına “Siz bir bu musiqini dinləyin, fantastikadır”, - deyir.
Filmlərimizdə əcnəbi musiqi mövzusunu araşdırarkən maraqlı faktlarla rastlaşırıq. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakının hazırda Hacı Zeynalabdin Tağıyevin adını daşıyan köhnə küçələrindən birində çexiyalı iş adamı İndrijix İndrijişek yaşamışdır. O, musiqi valları və musiqi alətlərinin satışı ilə məşğul idi. Bu həmin İndrijix idi ki, şəhərdə bir neçə mağazası vardı və elektron fonoqrafı da Bakıya məhz o gətirmişdi. Bu faktı vurğulamaqda məqsədimiz var. Ehtimal ki, onun satdığı vallar içərisində öz həmyerlisi Antonin Dvorjakın da valları olub. Onun bəstələri Avropanın ən çox dinlənilən əsərlərindən idi. Bəstəkarın 1860-cı ildə yazdığı “Melodiya” adlı əsər Azərbaycan filmlərinin birində özünə yer alır. 1979-cu ildə lentə alınan “Dvorjakın melodiyası” adlı film mərhum rejissor Nazim Abbas tərəfindən çəkilib. Filmdə İkinci Dünya müharibəsi illərində əsir düşmüş yaralı azərbaycanlı əsgərin başına gələn hadisələrdən söhbət açılır.
Əcnəbi musiqilərin “İstintaq”ı...
Tanınmış rejissor Rasim Ocaqov 1979-cu ildə “İstintaq” filmini çəkir. Filmdə Murad (Həsən Məmmədov) oğlu ilə keçirdiyi xoşbəxt anları xatırlayır. Bu zaman səslənən musiqi məşhur “Sympathy” kompozisiyasıdır. 1970-ci ildə fransız bəstəkar Paul Morianın orkestrinin yazdırdığı bu musiqi onların albomunda 1975-ci ildə yer alır. Kompozisiyanın müəllifi isə İngiltərənin “Rare Bird” rok qrupu idi. Onlar musiqini ilk dəfə 70-ci ilin əvvəlində ifa etmişdilər. P.Morianın ustalığı onda idi ki, o, çox populyar əsərləri özünəməxsus şəkildə aranjiman edərək təqdim etməyi bacarırdı. Məhz bu musiqi “İstintaq” filmində xoşbəxt günlərin nostalgiyasını ifadədə çox yerinə düşür.
“Vyana meşəsinin nağılı” - bu əsər 1868-ci ildə Avstriya bəstəkarı, dirijor İohan Ştraus tərəfindən yazılıb. 1938-ci ildə Hollivud bu əsərin yaranma tarixini “Böyük vals” bədii filmində əyani olaraq göstərir. R.Ocaqov 1981-ci ildə lentə aldığı “Bağlı qapı” filmində bu musiqiyə yer verir. Ekran əsərində baş verən hadisələrin fonunda bu musiqidən məharətlə istifadə olunub.
“Bu lüstr qırılıb düşə bunun təpəsinə...”
Bunu biz demirik a, Cənnət xala deyir. Xalqımızın çox sevdiyi “Qayınana” (1978) filminin artıq dillər əzbərinə çevrilən bu qəbildən ifadələrini və Xalq artisti Tofiq Quliyevin şedevr bəstələrini kim unudar...
Hüseyn Seyidzadənin çəkdiyi ekran əsərində ən maraqlı epizodlardan biri də gəlin Afətin “Boney M” qrupunun məşhur “Sunny” mahnısının sədaları altında rəqs etməsidir. Mahnını qrupdan əvvəl Bobi Heb, Marvin Gaye, Stiv Vonder, Tom Cons və Ella Fitscerald kimi müğənnilər ifa etmişdilər. Amma ən uğurlu ifa 1976-cı ildə “Boney M” qrupu tərəfindən oldu və geniş şöhrət qazandı. Afətin şıdırğı rəqsi bu gün də filmə baxanlarda qəribə bir əhval, nostalgiya yaradır.
“Qayınana” filmində səslənən daha bir əcnəbi musiqi isə 1956-cı ildə Amerika müğənnisi Littel Richrad tərəfindən ifa edilən “Good golly, miss molly” mahnısıdır. 1968-ci ildə mahnını Amerikanın məşhur "Creedence Clearwater Revival” qrupu yenidən oxuyur və bu mahnı məşhur filmimizdə də yer alır. Yəqin ki, dəlixana, yanğınsöndürənlər səhnəsini gözəl xatırlayırsınız. Afət gecənin bir aləmi “Hamlet” tamaşasından kiçik bir monoloq söylədikdən sonra dəlilər kimi məhz bu mahnının sədaları altında rəqs edir.
“...Ağazəkidə olan vallar heç filarmoniyada da yoxdur”
Dünya şöhrətli Avstriya bəstəkarı Motsartın 1788-ci ildə yazdığı məşhur “40-cı simfoniya” təxminən iki əsr sonra vətənindən uzaqlarda - Azərbaycanda lentə alınan filmdə səslənir. 1984-cü ildə Xalq artisti, rejissor Eldar Quliyevin lentə aldığı “Gümüşgöl əfsanəsi” bədii filmində dükançı Ağazəki (Həsən Turabov) intellektual insan kimi təqdim edilir. Mağazada işləməsinə baxmayaraq, həmişə dünya bəstəkarlarının əsərlərini dinləyir. Onun sevdiyi əsərlərdən biri də məhz “40-cı simfoniya”dır.
Filmdə Ağazəkinin radioda dinlədiyi musiqilər sırasında Bethovenin “Ay sonatası” əsəri də var. Ekran işində maraqlı süjet, aktyor oyunu ilə yanaşı, bir anlıq ayaq saxlayıb ətrafa diqqət yetirməyin, həyat haqqında dərindən düşünməyin vacibliyi də vurğulanır. Bu kontekstdə dövrün gənclərinin həyat tərzi də öz əksini tapır. Filmdə Maykl Ceksonun ifasında məşhur “Thriller” mahnısından da istifadə edilib.
“Kişi sözü”, “Bəxt üzüyü” və “Təhminə”nin əcnəbi melodiyaları
Rejissor Cahangir Mehdiyevin 1987-ci ildə çəkdiyi “Kişi sözü” filmində əcnəbi musiqilərdən yetərincə istifadə olunub. 1973-cü ildə İngiltərənin “Pink Floyd” adlı məşhur rok qrupunun “The dark side of the moon” mahnısı bu filmdə səslənir. Qasımın dükana gəlib rəqibi ilə rastlaşdığı kadrlarda biz bu musiqinin sədalarını eşidirik.
1980-ci ildə İngiltərədə yaranmış “Shakatak” qrupunun musiqisinin də bu filmdə yer alması təsadüfi deyil. Həmin dövrdə bu qrup Bakıda da çox sevilirdi. Qrupun “Holding on” mahnısı filmdə özünə rəğbət qazandıra bilir.
Aktyor və rejissor Ramiz Əzizbəylinin ekranlaşdırdığı “Bəxt üzüyü” (1991) filmində o dövrün dəbdə olan avtomobil modelində gəzən Rasim Qasanoviçin (Rafael Dadaşov) maşınının siqnalı “Xaç atası” filmində səslənən Nino Rotanın əsəridir. Bununla rejissor obraza olan ironiyasını ortaya qoyur. Filmdə kiçik insanların böyüklük iddiaları önə çəkilir. Maşında isə Rasim Amerika müğənnisi Maykl Boltonun mahnılarını dinləyir. “Love is wonderful thing” mahnısı filmdə obrazın özü ilə düz mütənasiblik təşkil edir.
Rasim Ocaqovun 1993-cü ildə Xalq yazıçısı Anarın ssenarisi əsasında lentə aldığı “Təhminə” filmi də rəngarəng musiqiləri ilə seçilir. Filmdə F.Şopenin “20-ci noktürn”ü səslənir və məhəbbəti simvolizə edir.
Azərbaycan filmlərində səslənən əcnəbi musiqilər mövzusunda geniş araşdırma aparsaq, bir-birindən daha maraqlı faktlar rastımıza çıxar. Kino və musiqi var olduqca rejissorların maraqlı tapıntı və düşüncələri fonunda bu sintez bizi heyrətləndirməkdə davam edəcək.
* * *
Yazını bitirdiyim məqamda ani olaraq rejissor Şamil Mahmudbəyovun “Şərikli çörək” filmi (1969) yadıma düşdü. Xatırlayırsınız, Vaqifin çörək kartoçkaları tapılır və o, qaçaraq çörək köşkünə gəlir. Bu zaman çörəkçi radionu açır və oradan deyilir: “Radio dinləyicilərinin sifarişi ilə konsertimizə başlayırıq”. Dinləyici istəyi ilə verilən konsert proqramında İ.S.Baxın “Toccata and fugue in d Minor” əsəri səslənir. Ən maraqlı məqam isə bir cənublunun müharibə şəraitində həmin musiqiyə olan münasibətinin çörəkçinin simasında öz əksini tapmasıdır.
(Birinci yazı qəzetin 1 dekabr sayında dərc olunub)
Lalə Azəri