Prezident İlham Əliyevin 25 dekabr 2017-ci il tarixli sərəncamı ilə Xalq artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyli Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib.
Dövlət başçısı həmin gün “İstiqlal” ordenini Fərhad Bədəlbəyliyə təqdim edib.
Prezident musiqiçini qarşıdan gələn yubileyi münasibətilə ürəkdən təbrik edərək, ona cansağlığı, yeni uğurlar arzulayıb: “Siz uzun illərdir ki, xalqımızı sənətinizlə sevindirirsiniz, həm peşəkar musiqiçi, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verirsiniz. Siz gənc yaşlarınızdan dünyada da Azərbaycanı ləyaqətlə təmsil edirsiniz, Azərbaycan musiqi sənətini təbliğ edirsiniz. Bakı Musiqi Akademiyasının rektoru kimi bir çox istedadlı gənc kadrların hazırlanmasında sizin çox böyük əməyiniz olubdur. Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi bu festivalın dünya miqyaslı mədəni tədbirə çevrilməsində sizin xüsusi rolunuz var”.
Ulu öndər Heydər Əliyevin sənətkara həmişə çox böyük diqqət və qayğı göstərdiyini xatırladan dövlət başçısı deyib: “Siz nəinki görkəmli mədəniyyət xadimi, gözəl, vətənpərvər, prinsipial, xeyirxah insan kimi Azərbaycan xalqının sevgisini qazanmısınız. Mən də çox şadam ki, uzun illər biz sizinlə çox yaxın münasibətlərdə olmuşuq və bu gün də bu, belədir”.
Fərhad Bədəlbəyli təltifə görə minnətdarlığını bildirib: “İstiqlal bütün Azərbaycanın neçə nəslinin böyük bir arzusu olub. Azad Azərbaycanın böyük Prezidenti mənə bu ordeni verir. Burada böyük bir məna var”.
Sonda xatirə şəkli çəkdirilib.