Qədim tarixə, zəngin mədəniyyətə, yüksək qonaqpərvərliyə malik olan Azərbaycanda turizm sahəsinin inkişafı üçün böyük potensial mövcuddur. Son illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, müasir infrastruktur yaradılıb. Həmçinin turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları təsdiq olunub, mühüm layihələr gerçəkləşdirilib.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı və 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi ölkəmizin turizm sənayesi üçün yeni bir mərhələnin başlanğıcı oldu. 
   Ötən il dekabrın 27-də Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olundu. Şuranın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, üzvləri müvafiq dövlət orqanlarının səlahiyyətli şəxsləridir. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. 
   Turizm özlüyündə bir sıra sahələri əhatə edir və bu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə çalışmalıdır. Fəaliyyətə başladığı müddət biz belə koordinasiyalı əməkdaşlığın şahidi olduq. Şura öz işini müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları vasitəsilə həyata keçirir. Birillik fəaliyyəti dövründə Turizm Şurasının altı geniş tərkibli iclası keçirilib. Axırıncı iclas dekabrın 18-də gerçəkləşib. Ondan öncəki beş iclasda 110 qərar qəbul olunub, onlardan 81-i tam icra olunub. 25 qərarın icrası davam edir. 4 icra olunmamış qərarın da həyata keçirilməsi istiqamətində işlər görülür.
   Turizm Şurası üçün prioritet məsələlərdən biri “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarətdir. Həmin sənəddə ölkəmizdə turizmin inkişafını stimullaşdıran bir çox mühüm müddəalar yer alıb. Bu istiqamətdə bir sıra addımlar atılıb. İki dəfə Bakı Şopinq Festivalı keçirilib. Statistik rəqəmlər də göstərir ki, ölkəmizdə bir ilk olan bu festivallar ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib. Birinci Bakı Şopinq Festivalında 172 şirkət əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasına qoşulmuşdusa, ikinci festivalda onların sayı 493, ilk festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33, ikincidə 150 olub. Birinci festivalın ümumi dövriyyəsi 18 milyon manatdan, ikinci festivalın dövriyyəsi isə 33 milyon manatdan çox olub.
   Ötən müddət ərzində Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər həyata keçirilib. Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək.
   Strateji Yol Xəritəsinə müvafiq olaraq Milli Turizm Təbliğat Bürosu yaradılıb. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması istiqamətində fəaliyyəti həyata keçirir.
   Milli Turizm Təbliğat Bürosunun qarşısında qoyulan vəzifələrdən biri də Bakı şəhərinə daha çox turistin cəlb olunması üçün onlayn məlumat platformasının yaradılması idi. Büronun azerbaijan.travel və salambaku.travel saytları istifadəyə verilməsi də bu məqsədə xidmət edir.
   Xarici turistlərin Azərbaycana rahat şəkildə səfər etmələri üçün bir sıra MDB ölkələrinin vətəndaşları vizasız, bir sıra ölkələrin vətəndaşları isə sadələşdirilmiş viza əldə etməklə səfər edə bilirlər. 2017-ci ilin yanvarından “ASAN viza” sisteminin tətbiqi ölkəmizə gəlmək istəyənlər üçün viza alınmasını 3 gün ərzində mümkün edib.
   Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artım qeydə alınıb. Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb.
   
   F.Hüseynov