Yola saldığımız 2017-ci il Azərbaycan kinosu üçün əlamətdar hadisələrlə yadda qaldı. Öncə qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə sentyabrın 15-i ölkəmizdə ilk dəfə olaraq kino mövsümünün başlanğıc günü elan edildi. Bakıda və ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlərin nümayişi həyata keçirildi. Ümumilikdə 242 mədəniyyət müəssisəsi film nümayişi məqsədilə hazır vəziyyətə gətirildi. Həmçinin özəl kinoteatrların gündəlik repertuarlarında milli filmlər üçün seanslar ayrıldı. İlin sonunadək nümayiş etdirilmək üçün 30 bədii, 60-dan çox sənədli film, o cümlədən Milli Qəhrəmanlara həsr olunan 15-dən artıq ekran əsərindən ibarət repertuar hazırlandı.
Premyeralar
Bu il də maraqlı filmlər kino həvəskarlarının ixtiyarına verildi. İyunun 30-da Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçirildi. Rejissor Babək Şirinsifətin Qarabağ mövzusunda lentə aldığı ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ərsəyə gəlib. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət, öz arzusuna çatır və ata-anasının məzarlarını ziyarət edə bilir.
Bütün kino işçilərinin səbirsizliklə gözlədikləri 2 avqust - Milli kino günündə isə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filmi tamaşaçılara təqdim olundu. Anton Çexovun məşhur “Albalı bağı” pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.
Filmlərimiz beynəlxalq festivallarda
Son dövrdə çəkilmiş ekran əsərlərimiz bu il də müxtəlif ölkələrdə keçirilən festivallarda iştirak edərək mükafatlara layiq görüldü. 23-29 may tarixində Türkiyənin Alanya şəhərində keçirilən ənənəvi beynəlxalq film festivalında ölkəmiz dörd tammetrajlı bədii film ilə təmsil olundu. Festivala dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” (rejissor Şamil Əliyev), “Həddən artıq uyğunluq” (Ülviyyə Könül), “İçərişəhər” (İlqar Safat) və “Qırmızı bağ” (Mirbala Səlimli) filmləri qatıldı. Filmlərin aktyor və yaradıcı heyəti müxtəlif mükafatlarla təltif olundular.
“Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Cult” Beynəlxalq Film Festivalının (Calcutta International Cult Film Festival) “Qızıl tülkü” (“Golden Fox Awards”) mükafatının qalibi oldu. Qeyd edək ki, “Çölçü” indiyədək 32 beynəlxalq kinofestivalda və forumlarda nümayiş olunub, müxtəlif mükafatlar qazanıb.
6-26 avqust tarixində Türkiyənin Trabzon şəhərində təşkil olunan beynəlxalq film festivalında isə ölkəmizi Rafiq Əliyev və Cavid Təvəkkülün «Dərs» və Mirbala Səlimlinin «Qırmızı bağ» tammetrajlı bədii filmləri təmsil etdi. "Qırmızı bağ" bədii filmi üç "Altın kamança" mükafatına layiq görüldü. Filmdə rol alan Gülzar Qurbanova "Ən yaxşı qadın rolu", Maqsud Məmmədov "Ən yaxşı kişi rolu", Taleh Bədiyev isə “Münsiflər heyətinin xüsusi mükafatı” ilə təltif olundu.
Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Türkiyədə 7-ci Malatya Beynəlxalq Film Festivalında baş mükafata layiq görüldü. Ekran əsəri noyabrın 9-dan 16-dək davam edən festivalın tammetrajlı filmlər müsabiqəsində “Ən yaxşı film” seçilərək “Büllur ərik” mükafatını qazandı. Noyabr ayında Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean Ölkələri Kino Akademiyasının “Asia Pacific Screen Award” mükafatlarının təqdimetmə mərasimində kino akademiyasının üzvü, rejissor İlqar Nəcəf də iştirak etdi. Rejissorun “Nar bağı” filmi akademiyanın “Young Cinema Award” nominasiyasında qalib olaraq mükafatlandırıldı. Rejissor “Asiya Oskarı" kimi tanınan bu mükafata ikinci dəfədir ki, layiq görülürdü. Bundan əlavə, “Nar bağı” filmi Qazaxıstanda keçirilən 13-cü Avrasiya Beynəlxalq Film Festivalında da mükafata layiq görüldü. Filmin baş rol ifaçılarından Əməkdar artist Qurban İsmayılov “Ən yaxşı kişi rolu” nominasiyasında qalib elan olundu.
Türkiyədə keçirilən “Hak-iş” Beynəlxalq qısametrajlı film yarışmasında azərbaycanlı rejissor Amil Məmiyevin “Qara bağ” filmi “Ən yaxşı film” nominasiyasının qalibi oldu. Eyni zamanda filmin baş qəhrəmanı Elxan Abbasov festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görüldü.
* * *
2017-ci il paytaxtımızda keçirilən II Türk Dünyası Sənədli Film Festivalı ilə də yadda qaldı. Festival Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Dünyası Qəzetçilər Federasiyası (TDQF) tərəfindən təşkil edilmişdi. Festival türk xalqlarının bir-birini yaxından tanıması, müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəni dəyərlərini tanıtmaq və dünyaya təqdim etmək məqsədi daşıyırdı.
Noyabr ayında Nizami Kino Mərkəzində “Türk filmləri həftəsi”nin açılışı keçirildi. Layihə Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşdı.
Noyabrın 2-dən 12-dək Bakıda VIII Avropa film festivalı keçirildi. Festivalın proqramına 18 ölkədən 21 ekran əsəri daxil edilmişdi. Kino bayramı Azərbaycanın Avropa İttifaqı ölkələri ilə mədəni münasibətlərinin inkişafına kömək məqsədilə təşkil olunur.
Bu il həmçinin tanınmış kino xadimlərinin yubiley mərasimləri, ustad dərsləri, gənc kinematoqrafçılarla görüşlər, ənənəyə çevrilən Buktreyler festivalı və digər maraqlı layihələrlə də tarixə yazıldı.
Lalə Azəri