Qəbələ rayonunda da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi böyük coşqu ilə qeyd edilib. Müxtəlif məkanlarda təşkil olunan bayram tədbirlərinə rayon sakinləri, eləcə də yerli və xarici turistlər böyük maraq göstərib.
Rusiyalı Sergey Maqomedov jurnalistlərə müsahibəsində Qəbələdə dincəlməyin ona xüsusi zövq verdiyini deyib. O, Azərbaycana ilk dəfə səfər etdiyini, Bakıdan sonra istirahət üçün Qəbələyə gəldiyinə görə çox sevindiyini bildirib.
İranlı turist Ali Fətollahzade təəssüratlarını bölüşərək deyib: “Qəbələnin təbiəti çox gözəldir, burada istirahət üçün hər cür şərait yaradılıb. “Qafqaz Karvansaray” hotelində və başqa istirahət mərkəzlərindəki infrastruktur, qonaqlara göstərilən xidmətin səviyyəsi ürəyimcədir. Meşə gəzintisinə çıxmaqdan və təbiət qoynunda şəkil çəkdirməkdən zövq alıram. Dostlarımla bura yenə qayıdacam”.
Birləşmiş Ərəb Əmirliklərindən olan turist Ahli Muhammed ailə üzvləri və yaxın qohumları ilə birgə Azərbaycana ilk dəfə gəldiyini, Şəki və Qəbələni çox bəyəndiyini bildirib: “Dubaydan bura turizm şirkəti ilə 8 nəfər gəlmişik. Üç gündür ki, Qəbələdə dincəlirik. Burada özümüzü qərib hiss etmirik. Hamı bizə isti münasibət göstərir, xidmətlərə görə qiymətlər də yaxşıdır”.
Qeyd edək ki, bayram tətili günlərində Qəbələyə 5 minə yaxın turist gəlib.