İsveçli xanım bloqer Cənubi Qafqaz ölkələrinin paytaxtları arasında Bakıya üstünlük verir. Turistlər üçün “Ladies Abroad” internet-jurnalının təsisçilərindən biri olan Lena Löfblad jurnalın səhifələrində bu ölkələrin paytaxtı, mədəniyyəti, tarixi abidələri və milli mətbəxi barədə söhbət açıb.
   Müəllif Azərbaycan paytaxtından bəhs edərək yazır ki, Bakı tarixi qala divarı ilə əhatə olunmuş böyük şəhərdir. L.Löfblad yazır: “Köhnə şəhərin lap yaxınlığında modern üslublu gözəl binaları və enli küçələrı ilə fərqlənən yeni rayon yerləşir. Bakıda neft satışından əldə edilən pullar şəhərin simasını müasirləşdirməyə xərclənir, hər bir yeni bina əvvəlki ilə müqayisədə daha müasirdir”.
   Materialda daha sonra şəhərdə ucalan “Alov qüllələri”, nəhəng gül şəklində layihələşdirilmiş yeni ticarət mərkəzinin tikintisi barədə söhbət açılır. Bloqer xanım Azərbaycan mətbəxi barədə təəssüratlarını bölüşərək onun Türkiyə mətbəxi ilə oxşar olmasını qeyd edir. Müəllif yazır: “Azərbaycan mətbəxinin bütün yeməkləri bir-birindən dadlıdır”.
   Cənubi Qafqaza səyahəti barədə söhbətinin sonunda bloqer xanım qədim Şərq üslubu ilə müasirliyin təzad təşkil etdiyi Bakıya xüsusilə heyran olduğunu qeyd edir. Onun fikrincə, regiondakı üç paytaxt şəhərindən ən müasiri Bakıdır.