“Baku Guide” bələdçi kataloqunun yeni təqvim ili üçün ilk sayı çapdan çıxıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis və rus dillərində nəşr olunan kataloqun 2018-ci il yanvar buraxılışı da müxtəlif zövqə malik səyahət həvəskarlarının ürəyincə olacaq informasiyalarla zəngindir. 
   Kataloqda “Sənət və mədəniyyət”, “İnfo-bələdçi”, “Mədəni irs və tarixi məkanlar”, “Əyləncə”, “Şopinq” və digər başlıqlar altında təqdim olunan məlumatlar paytaxtımıza təşrif buyuran qonaqlara, eləcə də ölkə vətəndaşlarına istirahətlərini rahat və yaddaqalan şəkildə keçirməyə yardımçı olacaq. 
   Bələdçinin “Bakını tanı” bölməsində “Salam Bakı”, “Paytaxtdakı möcüzələr”, “Muğam - damarda axan qan kimi”, “Odlar ölkəsinin qış nağılı”, “Paytaxtın qış menyusu”, “Milli geyimlər” adlı məqalələr ilk səhifədən ölkənin mədəni mənzərəsini seyr etmək imkanı yaradır. 
   “Sənət və mədəniyyət” bölməsində rəngarəng illüstrasiyalarla təqdim olunan yazılarda qədim şəhərin həm ənənəvi, özünəməxsus koloriti, həm də ultramüasir yenilikləri, eləcə də mövsümə uyğun özəllikləri diqqəti çəkir. Bu yazıları mədəniyyət müəssisələri - teatrlar, muzeylər, qalereyalar, konsert salonları haqqında yığcam informasiyalar tamamlayır.
   Paytaxtımıza gələn hər bir səyahətçini maraqlı istirahət və əyləncə gözləyir. Bələdçi kataloqunun “Yemək və içkilər” bölməsində düşbərədən xingala, xaş və pitidən dolmayadək Azərbaycan mətbəxinin ləziz yeməkləri haqqında məlumat verilir. Həmçinin milli mətbəximizin sevilən dadı dolmanın 2017-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına Azərbaycan ənənəsi kimi daxil edildiyi diqqətə çatdırılır. Bakının çay mədəniyyəti, simvola çevrilən armudu stəkan, milli şirniyyatlar haqqında da eyni bölmədə məlumat almaq mümkündür. 
   Paytaxtımıza uşaqları ilə gəlmək istəyən qonaqlar “Bakı ən balacalar üçün” başlıqlı yazını diqqətlə oxuya bilərlər. Burada uşaqların əyləncə məkanları, onların sevincinə sevinc qatacaq oyunlar və daha nələr lakonik şəkildə oxuculara təqdim edilir. Onlar həmçinin minilliklərin vərəqləndiyi Qobustan, Yanardağ və Atəşgah qoruqlarına baş çəkə, “Bakının memarlıq inciləri”ni gözdən keçirə və sonda şəhərimizdən xoş xatirə ilə ayrılmaq istəyirlərsə, “Turist Bakıda nə ala bilər” yazısını oxuya bilərlər.
   Ənənəvi olaraq “Baku Guide” bələdçisinin bu sayında da paytaxtın teatr və konsert müəssisələrinin aylıq repertuarı, yanvar ayında gözlənilən mühüm mədəniyyət tədbirlərinin afişası, kino nümayişi mərkəzləri haqqında məlumatlar yer alıb. 
   Azərbaycanda təbii iqlim müxtəlifliyi ilboyu istirahət üçün geniş imkanlar açır. Kataloqda son illər ölkədə qış turizminin populyar ünvanı olan Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzi, Qəbələdəki “Tufandağ” dağ-xizək kompleksi haqqında dolğun informasiya verilir.
   Kataloqun bu sayında həmçinin “ASAN Viza” xidməti, hotellər, şəhərdəki məşhur restoran və kafelər, şopinq həvəskarları üçün iri ticarət mərkəzləri, əyləncə axtaranlar üçün karaoke və gecə klubları, kinoteatrlar barədə məlumatlar da oxuculara bələdçilik edir. Bu məlumatlara turistlər üçün zəruri bilgilər, turizm informasiya mərkəzlərinin, paytaxtımızdakı xarici ölkə səfirliklərinin və s. ünvan və telefonları əlavə olunur.