ABŞ-ın məşhur "USA today" informasiya agentliyinin yaydığı məqalədə 2018-ci ildə səyahət edilməli ölkə və şəhərlər sırasında Azərbaycanın paytaxtı Bakı da qeyd edilib.
Dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sıradadır.
"Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyətə və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir", - deyən 27 yaşlı səyyah şəhərdə müasir arxitektura və qədim binaların ahəngini də vurğulayıb.
Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, mətbəxi, turizm məkanları haqqında ətraflı məlumatlar və fotolar öz əksini tapıb.
Amerikalı səyyahın gedib görməyi tövsiyə etdiyi şəhərlər sırasında, həmçinin Şərqi Timorun paytaxtı Dili, Abu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Kiqali (Ruanda), Skopye (Makedoniya), Beyrut (Livan), Mendoza (Argentina), Fritaun (Syerra-Leone), Asmara (Eritreya), Baqan (Myanma), Konstantin (Əlcəzair) yer alıb.