Ötən il müalicə-istirahət kompleksinin xidmətlərindən 55 min nəfər istifadə edib
   
   Şabran rayonu ərazisindəki “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksi ölkəmizdə son illərdə yenidən qurulan müasir sağlamlıq turizmi obyektlərindəndir.
   2017-ci ildə müalicə-istirahət kompleksinin xidmətlərindən 55 min 300 nəfər istifadə edib. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən bu məkanda dincəlib sağlığının qeydinə qalanların təxminən 11 faizi əcnəbilər olub. Xarici qonaqlar arasında Rusiyadan gələn turistlər çoxluq təşkil edib. Yeni il tətili günlərində isə kompleks 1750 nəfər turist qəbul edib. 
   Bakıdan 127 kilometr məsafədə yerləşən “Qalaaltı Hotel & SPA” eyni vaxtda 354 nəfəri qəbul etmək üçün hər cür şəraitə malikdir. Müalicə-istirahət kompleksində xidmətlər üçün sifarişləri həm onlayn, həm də yerində vermək mümkündür.
   Kompleksdə istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün imkanlar var. Burada qonaqlara Qalaaltı kəndi ərazisindən çıxan təbii sular əsasında müalicəvi tibbi xidmətlər təqdim olunur. Müalicəvi xüsusiyyətlərinə görə dünyada tanınan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə peşəkar tibbi heyətin nəzarəti altında Qalaaltı suyu ilə müalicə kursları təqdim olunur. Müştərilərə müalicə ilə yanaşı, əyləncə xidmətləri də təklif edilir.