Dövlət Film Fondunda ümumi saxlama vahidi 65 mini ötüb
Azərbaycan Dövlət Film Fondunda müasir tələblərə cavab verən xüsusi “Arxiv Server Bazası” yaradılıb və kino lentində olan filmlərin rəqəmsal formatda server bazasına köçürülməsi prosesinə başlanılıb.
2017-ci ildə 21 tammetrajlı (“O qızı tapın”, “Bəxtiyar”, “Leyli və Məcnun”, “Qayınana”, “Nəsimi”, “Ad günü”, “Bakılılar”, “Telefonçu qız”, “Dağlarda döyüş” və s.), həmçinin 30-dan artıq sənədli film texniki nəzarətdən keçirilərək yüksək keyfiyyətdə kino lentindən rəqəmsal daşıyıcılara yazılıb və server bazasına köçürülüb.
Bu barədə Dövlət Film Fondunun mətbuat katibi Rəşad Qasımov məlumat verib. O bildirib ki, ötən il yeni filmlərin və filmmaterialların qəbulu ilə fondun arxivi daha da zənginləşdirilib, ümumilikdə saxlanma vahidi 65 mini ötüb.
2017-ci ildə kino lentləri qorunan film saxlanma bokslarında yeni psixometrlər, bakteriyalara qarşı xüsusi lampalar qurulmaqla yanaşı, təlimata uyğun mikroiqlim yaradılıb. Həmçinin fondun muzeyinə yeni eksponatlar daxil edilib.
Bundan əlavə, SSRİ dövründə istehsal edilmiş və kino lentində saxlanılan Azərbaycan filmlərinin köhnəlmiş, eroziyaya məruz qalmış dəmir lent qutuları müasir standartlara və tələblərə cavab verən qorunma şəraitinə uyğun olaraq yeni, daha davamlı və xüsusi tərkibli plastik qutularla əvəzlənir. Ötən il 5600 ədəd dəmir qutu plastik qutularla əvəz olunub.
İl ərzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə kino xadimlərinin xatirə gecələri, yubiley tədbirləri də reallaşıb. Telekanallarda 70-dən artıq kino haqqında verilişin çəkilməsinə köməklik göstərilib, bir sıra mətbuat orqanları kino haqqında məlumat və fotoşəkillərlə təmin edilib. Fondda Mədəniyyət və İncəsənət Universitetinin kino ixtisaslarında təhsil alan tələbələri üçün mütəxəssislər tərəfindən xüsusi məşğələlər keçirilib.
Hər il Dövlət Film Fondunun “Kinobülleten”i, eləcə də fondun dəstəyi ilə Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabı nəşr olunur. 2017-ci ildə bu ənənə davam etdirilərək Aydın Kazımzadənin müəllifi olduğu “Azərbaycan kinosu” ensiklopediyası çapdan çıxıb. Müəllifin “Azərbaycan kino salnaməsi” ikicildliyi çapa hazırlanır.