Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ildə rekord sayda - 4,06 milyon sərnişinə xidmət göstərib. Aeroportun mətbuat xidmətindən verilən xəbərə görə, bu, 2016-cı il ilə müqayisədə 23% çoxdur.
Ötən il ümumilikdə 55 aviaşirkət müntəzəm və çarter reysləri yerinə yetirib. Aeroport 8 yeni aviadaşıyıcını - “Air Arabia”, “Wataniya Airways”, “ISR Air”, “Jazeera Airways”, “IrAero”, “Mahan Air”, “İkar” aviaşirkətini (“Pegasfly” brendi) və Azərbaycanın ilk loukosteri “Buta Airways”i qarşılayıb.
Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2,2 milyon sərnişin, “Buta Airways” loukosterinin payına isə 92 min sərnişin düşüb. Eyni zamanda, 114 min tranzit, 50 min sərnişin isə çarter reysləri üzrə qeydə alınıb.
Sərnişinlərin 85%-i beynəlxalq reyslərin payına düşüb. Beynəlxalq daşımaların 46%-i AZAL və “Buta Airways”, 54%-i isə xarici aviadaşıyıcılar tərəfindən həyata keçirilib. Beynəlxalq istiqamətlərin onluğuna Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxil olub. 2,52 milyon sərnişin bu istiqamətlərə uçub.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ildə istifadəyə verilib. Dünyada aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb. 2017-ci ildə hava limanı MDB ölkələri üzrə “Skytrax World Airport Awards” mükafatını da alıb.