“Debüt” studiyasının “Eliza”sı nümayiş etdiriləcək
   
   Yanvarın 12-dən 14-dək ABŞ-ın Nyu-York şəhərində “Bronx World Cinema” festivalı keçiriləcək. Müəllif filmləri festivalında ölkəmizi rejissor Məzahir Həşimovun “Debüt” studiyasında lentə aldığı “Eliza” filmi təmsil edəcək. 
   Filmin premyerası yanvarın 12-də baş tutacaq. 
   Rejissor bizimlə söhbətində filmin süjeti barədə qısa məlumat verdi. Filmin qəhrəmanı Elizanı bibisi böyüdür. O, tərs qızdır və bu tərsliyi şəxsi həyatında da ona mane olur. Bütün bunlara dözə bilməyən bibisi Elizanın həyatına müdaxilə edir və onu bir gənclə tanış edir. Bundan sonra Eliza balaca televizorda özü öz həyatını izləyir. Onun həyatı sanki bir çərçivəyə salınıb. 
   Filmin festivalda iştirakına gəlincə, rejissor bildirdi ki, baş rolun ifaçısı, gənc aktrisa Dəniz Tacəddin filmi festivala göndərmək üçün icazə istəyib, o da razılığını bildirib. Sonra festivalın təşkilat komitəsindən filmin bəyənildiyinə dair məktub gəlib. Təşkilat komitəsi həm rejissor, həm də aktrisa haqqında geniş məlumat almaq üçün müraciət edib. Filmin subtitrlərinin yazılmasında festivalın təşkilat komitəsi köməklik göstərib və təqdimatın sırf Amerika formatında olması üçün məsləhət və nümunələri də azərbaycanlı həmkarlarına göndəriblər. 
   “Eliza” filminin bədii rəhbəri kinorejissor, Xalq artisti Eldar Quliyevdir. Ssenari müəllifi Yelena Andreyeva, operatoru Yuri Varnovski, rejissor assistenti Cabir Hacıyev, montajçı Elşən Bağırovdur. Filmdə Dəniz Tacəddin, Toğrul Rza və Hicran Nəsirova rol alıb. 
   Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan “Bronx World Cinema” festivalı dünya kinosunun təbliğinə xidmət edir. Müxtəlif mədəniyyətləri bir arada nümayiş etdirmək festivalın əsas məqsədlərindən biridir. 
   
   Lalə Azəri