Bakı Şəhər İcra Hakimiyyətinin Kino xidməti idarəsi ötən il dövlət sifarişi ilə lentə alınan müxtəlif janrlı filmlərin təqdimatını reallaşdırıb. Bu barədə məlumat verən idarənin rəisi Gültəkin Nəriman 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş “Tarixin acısı - qan yaddaşımız” adlı sənədli filmin, Xocalı soyqırımının ildönümü ilə bağlı “92-ci ilin qarı” adlı ekran əsərinin təqdimatının keçirildiyini deyib.
Kino xidməti idarəsi görmə imkanları məhdud insanlar üçün “tiflo” və “surdo” şərhli filmlərin hazırlanmasına da dəstək verir. İdarə bu xüsusda Gözdən Əlillər Cəmiyyəti ilə beş ildir əməkdaşlıq edir. Bu müddətdə hazırlanan “tiflo” və “surdo” şərhli bədii və cizgi filmlər cəmiyyətin 25 regional təşkilatına hədiyyə olunub.