Yanvarın 12-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin elan etdiyi “Avropa Tolerantlıq Festivalı və Avropa Film Festivalı tolerantlıq və ya mədəni müxtəliflik barədə mənim təəssüratlarımı necə dəyişdi” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb.
İçərişəhərdəki Marionet Teatrında reallaşan mükafatlandırma mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək festivalın əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, jurnalistlər və festival tamaşaçıları üçün nəzərdə tutulan müsabiqənin iki qalibi fevralda Almaniyanın paytaxtı Berlində təşkil olunacaq film festivalına qatılmaq hüququ əldə edib. Qaliblər dörd gün ərzində Berlin film festivalında iştirak edə biləcəklər. Bütün xərclər Aİ-nin Bakı nümayəndəliyi tərəfindən qarşılanacaq.
Gələcək layihələrdən danışan səfir 2018-ci ilin Azərbaycanda “Xalq Cümhuriyyəti ili” elan olunmasını yüksək qiymətləndirərək bu çərçivədə keçiriləcək tədbirlərə qatılacaqlarını deyib.
Nümayəndəliyin birinci müşaviri Denis Daniilidis “ASAN Radio”da yayımlanan maarifləndirici və əyləncəli “AvropadASAN” verilişindən danışaraq bildirib ki, bu, Avropa İttifaqı ilə bağlı Azərbaycanın radio məkanında ilk verilişdir.
Tədbir çərçivəsində sizinavropa.az saytının təqdimatı da olub. Layihənin məqsədi Azərbaycan gəncliyini Avropa haqqında məlumatlandırmaq, o cümlədən Avropa İttifaqı ilə ölkəmiz arasında elm, təhsil, mədəniyyət və turizm sahəsində əlaqə yaratmaqdan ibarətdir.