Heydər Əliyev Mərkəzində rusiyalı rəssamın sərgisi açılıb
   
   Yanvarın 17-də Bakıdakı Heydər Əliyev Mərkəzində rusiyalı rəssam Aleksey Beqovun “Yer və Səma” adlı sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.
   Mərasimdə Aleksey Beqovun yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, rəssam əsərləri vasitəsilə getdiyi yerləri doğma evinə çevirməyi, ürəyinə yatan məkanları qəlbində qoruyub saxlamağı bacarırdı. Onun əsərlərində həyat və ölüm, sevgi və xəyanət kimi əbədi və dəyişməz mövzular qabarıq şəkildə hiss olunur. Rəssamın özünün də vaxtilə qeyd etdiyi kimi, onun rəsmləri həyatın mənası barədə sualların cavabları haqqında tamaşaçıya az da olsa kömək edir. Əsərlərindəki əksər süjetlər həyatdan götürülüb. 
   Aleksey Beqov dahi sənətkarların obrazlı və klassik modellərindən yararlansa da, bu zaman özünün maddi-mənəvi dünyasını, ona məxsus kosmik mühiti və həyat enerjisini yaradır. Fransa Akademik Cəmiyyəti onu incəsənət, elm və ədəbiyyat sahəsində mükafata layiq görüb. 
   Mərasimdə Rusiya Rəssamlar İttifaqının və Beynəlxalq Tənqidçilər, Sənətşünaslar Assosiasiyasının üzvü, rəssamın həyat yoldaşı Tatyana Beqova və oğlu İvan Beqov da çıxış ediblər.
   Bakıda gördüklərinin onda böyük təəssürat doğurduğunu qeyd edən T.Beqova deyib: “Biz bu cür gözəl, qeyri-adi dərəcədə müasir şəhər görəcəyimizi gözləmirdik. Ən böyük təəssüratı bizdə Heydər Əliyev Mərkəzinin binası yaratdı. Bu memarlıq incisi bizi bir də xüsusilə ona görə təsirləndirdi ki, Aleksey Beqovun əsərləri məhz burada nümayiş etdirilir. Təxminən dörd ildir ki, o, aramızda yoxdur. Lakin o, əsərlərində yaşayır”.
   T.Beqova və oğlu sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildirib, sərginin belə bir məkanda açılmasının onlar üçün böyük şərəf olduğunu vurğulayıblar. T.Beqova Leyla Əliyevaya rəssamın rəsm əsərini bağışlayıb.
   Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
   Sərgidə müəllifin 50 əl işi nümayiş olunur. Onların arasında “Dənizçinin rəqsi”, “Evə qayıdış”, “Yığılmış ot”, “Biçilmiş tarla”, “Ağ ay”, “İş adamı Petya əmi” və digər rəsmlər var.
   Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü Aleksey Beqov 1951-ci ildə Ukraynada anadan olub. Ailəsi Qazaxıstana köçdükdən sonra Almatı Dövlət Pedaqoji İnstitutunun Rəssamlıq-qrafika fakültəsində təhsil alıb. 1983-cü ildə Moskvaya gəlişindən sonra geniş ictimaiyyət arasında tanınmağa başlayıb. 1991-ci ildə “Dünya səddi” beynəlxalq aksiyası çərçivəsində 10 metrlik “XX əsrin sonu” rəsmini yaradıb. Əsər Los-Anceles, Vaşinqton, Moskva və Barselonada nümayiş olunub. Rəssam müxtəlif illərdə Rusiyada, xarici ölkələrdə sərgilərlə çıxış edib. 1997-ci ildə Parisdə təşkil edilmiş fərdi sərgisi isə ona daha bir uğur gətirib.
   1998-ci ildən Fransada yaşayan rəssam altı il ərzində Paris yaxınlığındakı Jilvuazen qəsrinin ərazisində 1625-ci ildə tikilmiş Müqəddəs Nikolay kilsəsini naxışlarla bəzəyib. A.Beqov Kandinski, Matis, Dali, Pikasso, Van Qoq kimi rəssamlara silsilə işlər həsr edib, həmin müəlliflərin məşhur əsərlərini öz kompozisiyasına daxil etməklə onların parafrazını yaradıb.
   2014-cü ildə vəfat edən rəssamın əsərləri Rusiya Dövlət Tretyakov Qalereyası, Nyu-Cersi Müasir İncəsənət Muzeyi, eləcə də dünyanın tanınmış şəxslərinin kolleksiyalarında yer alıb. A.Beqovun Heydər Əliyev Mərkəzində sərgisi mayın 1-dək davam edəcək.