Natiq Fərəcullazadə çağdaş rəssamlarımız arasında öz imzası ilə seçilir. Onun yaradıcılığı daha çox realizm və çağdaş sənət ənənələrini özündə birləşdirir, natürmort, portret, mənzərə, süjetli əsərlər və heraldika sahəsini əhatə edir. 
   Bu günlərdə rəssamın emalatxanasında olarkən onun yaradıcılığı ilə yaxından tanışlıq imkanım yarandı. Natiq müəllimlə söhbətdə keçmiş günlərdən, sənətdən söz açdıq. 
   O, 1960-cı ildə Bakıda anadan olub. Uşaqlıqdan rəsm çəkməyə başlayıb, 1979-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1984-cü ildə indiki Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 
   N.Fərəcullazadə təhsilini bitirdikdən sonra müstəqil yaradıcılığa başlayıb və bir sıra qrup sərgilərində gücünü sınayıb. Qatıldığı ilk sərgi 1985-ci ildə indiki Sankt-Peterburq şəhərində keçirilib. 2000-2005-ci illərdə rəssam Türkiyədə çalışıb, Ankarada “Cizgi film qəhrəmanları parkı”nın yaradılmasında yaxından iştirak edib. 
   O daha çox rəngkarlıqla məşğul olur. 2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəngkarlıq əsərlərindən ibarət sərgisi böyük maraqla qarşılanıb. Natiq müəllim yaradıcılığında əsərin bədii çözümünü rənglər vasitəsilə tapmağa çalışır. “Qırmızı çətirli qız”, “Çəmənlikdə”, “Yorğunluq”, “Xəyallar”, “Səhər”, “Kitabxanaçı”, “Hörüklü qız”, “Əbədi payız”, “Abşeron qadınları”, “Ruhlara dua”, “Sevgi”, “Şəhid önündə”, “Həyat və təbiət”, “Uzaq sahillərdə”, “Abşeron motivi”, “Söhbət”, “Yağışlı gün” və s. əsərlərində rəssam realizmdən modernizmə doğru yön alır. Bu da təbiidir, ona görə ki, hər zamanın öz sənəti, öz ifadə üsulu var. Bu baxımdan N.Fərəcullazadə mövzularını yeni, çağdaş ifadə üsullarıyla bədiiləşdirməyi üstün tutur. 
   Rəssamın iki əsəri üzərində dayanmaq istərdim. Onlardan biri Azərbaycanın böyük sərkərdəsi Şah İsmayıl Xətainin portretidir. Əsər çox incə və dəqiq işlənib. Burada diqqətçəkən məqam Xətai obrazının öndən işlənməsidir. Tarixdə onun öndən görünüşünü əks etdirən əsər yoxdur. Olan yalnız profildən - yandan çəkiləndir. Bu rəsm, məncə, profildən olan tarixi əsərin öndən görünüşüdür, çox uğurlu alınıb. 
   Rəssamın bir başqa işi Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan rus rəssamı M.Meşerskinin “Şəmkir yaxınlığında döyüş” (1826) əsərinin 2009-cu ildə üzünü köçürdüyü rəsmidir. Əsərin ölçüsü 120x80 sm-dir. Rəssamlıqda başqa fırça ustasının əsərinin üzünü köçürmək də yaradıcı insandan böyük ustalıq istəyir. N.Fərəcullazadə bu işi yüksək səviyyədə yerinə yetirib. Aydın səmanın top atəşlərindən çıxan tüstüylə örtülməsi, atlıların gərgin döyüşü orijinalda olduğu kimi canlı və inandırıcıdır. 
   Rəssamın yaradıcılığında son illər heraldika ayrıca yer tutur. O, dövlətimizin bir sıra orden və medallarının eskiz müəllifidir, eləcə də ölkəmizdə və xaricdə təşkil edilən beynəlxalq idman yarışları üçün medal eskizləri hazırlayıb. Belə ki, rəssam “Əsrin müqaviləsi - 20 il”, “Naxçıvan Muxtar Respublikasının 90 illiyi”, “TANAP” xatirə-pul nişanlarının, I Avropa Oyunlarının xatirə medalının, Üzeyir Hacıbəylinin 130 illik yubiley medalının, Nizami Gəncəvi medalının, Azərbaycan Ordusunun 100 illiyi medalının və başqa nümunələrin müəllifidir. 
   Rəssamın əsərləri ölkəmizdə və xaricdə muzey və şəxsi kolleksiyalarda saxlanılır. 
   
   S.Qaliboğlu