Məşhur yazıçının 90 illiyi münasibətilə rəsm sərgisi
Türkiyənin paytaxtı Ankarada dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90 illiyi münasibətilə rəsm sərgisi açılıb. “Çingiz Aytmatov dünyası Ankarada” adı ilə təqdim olunan sərgidə tanınmış qırğız rəssamlarının yazıçının həyat və yaradıcılığı, əsərləri, ədəbi qəhrəmanları ilə bağlı rəsmləri nümayiş olunur. Sərgidə 20 rəssamın 46 əsəri yer alıb.
Açılış mərasimində rəsmi şəxslər, elm və mədəniyyət adamları, Türk dünyasını təmsil edən tanınmış simalar iştirak ediblər.
Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu, Çingiz Aytmatovun oğlu Askar Aytmatov və digər çıxış edənlər məşhur yazıçının yaradıcılığını Türk dünyasının ədəbi xəzinəsində tükənməz sərvət kimi dəyərləndiriblər. Əminliklə ifadə olunub ki, Çingiz Aytmatovun əsərləri bundan sonra da ədəbiyyatsevərlər tərəfindən həvəslə oxunacaq və əziz xatirəsinə ehtiram göstəriləcək.
Mehparə Sultanova
Ankara