Azərbaycan kinosu - 120
Dünya kinematoqrafının maraqlı bir ənənəsi var. Təkcə tarixi şəxsiyyətlərin, hökmdarların, müharibə, milli-azadlıq mübarizəsi qəhrəmanlarının deyil, həm də gerçək ədəbiyyat və sənət adamlarının, bir qədər seyrək hallarda isə elm adamlarının həyatlarını bədii kino lentinə köçürmək. Bu il 120 yaşını qeyd etdiyimiz Azərbaycan kinosunda da belə nümunələr var. Üstəlik, maraqlı cəhət budur ki, bizdə bu mövzuya həsr edilmiş 7 filmdən altısı şair və yazıçılara, biri bəstəkara həsr olunub.
Xoş gün sorağını sabaha baxanlar gətirir
Bu siyahıda birinci yerdə Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətindən bəhs edən "Səbuhi" filmi durur. Bilməyənlərə məlumat verək ki, "Səbuhi" (sübhün adamı) Mirzə Fətəlinin özünə seçdiyi təxəllüsdür. 1941-ci ildə tamamlanmış filmdə Mirzə Fətəli xalqının sədaqətli oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda mübariz ziyalı və ədib kimi göstərilir. Təbii ki, dövrün ideoloji diktəsi bu filmdən yan keçməyib. Bir sıra epizodlarda, məsələn, Mirzə Fətəlinin toy məclisində gəlinin üzündən duvağını götürməsi, gənc Tubunun buna sevinc dolu reaksiyası, məclisdə ilk dəfə gördüyü adamlara təbəssümlə baxması, sonra evdə Tubunun Avropa libasında patefonda çalınan Avropa musiqisinin sədaları altında rəqs etməsi, gənc Fətəlinin latın qrafikası uğrunda mübarizəsinin birbaşa islam dininin əleyhinə yozulması, görkəmli maarifçi və mütəfəkkirin az qala ilk sosial-demokrat kimi qələmə verilməsi sovet ideologiyasının tələbinə uyğunlaşdırılmışdı. Aktyorların ifasındakı teatrallıq, nitqindəki pafos isə o dövrdə SSRİ ərazisində lentə alınmış əksər filmlər üçün səciyyəvi, xüsusən də teatrdan kinematoqrafa gələn rejissorların qurduğu mizanlar və aktyorların kamera önündəki davranışı üçün adi hal idi. Bununla belə, "Səbuhi" filmində bir diqqətçəkən epizod da var ki, bu gün də öz aktuallığını itirmir. Teatrda Peterburqdan gəlmiş əsilzadə xanım ərindən tələb edir ki, hər cür yerli ekzotikaya maraq göstərdiyi üçün onu müsəlmanların komedioqrafı ilə tanış etsin. Ər Mirzə Fətəliyə yaxınlaşaraq, Qolovkinlər nəslindən olan arvadının istəyini ona çatdırır. Gənc dramaturq ona belə cavab verir: "Təəssüf ki, sizin rus ekzotikanız məni maraqlandırmır, cənab Qolovkinanın əri".
Filmdə diqqətçəkən bir maraqlı məqam isə Qafqazın ictimai-mədəni paytaxtı olan Tiflisdə cərəyan edən hadisələrdə azərbaycanlı, gürcü və rus ziyalılarının obrazlarıdır.
"Səbuhi" filmi rejissor Rza Təhmasib və bəstəkar Tofiq Quliyevin kinoda ilk işi, aktyor İsmayıl Dağıstanlının kinoda ilk böyük roludur. Filmdə o dövrün məşhur aktyorları Kazım Ziya, Ağadadaş Qurbanov, Möhsün Sənani, İsmayıl Əfəndiyev, Mustafa Mərdanov, Əli Qurbanov və başqaları, çox gənc Leyla Bədirbəyli çəkilib.
“Səbuhi”dən 32 il sonra
1973-cü ildə "Nəsimi" filmi ekranlara çıxdı. Görkəmli yazıçı İsa Hüseynovun (Muğanna) "Məhşər" romanı əsasında Həsən Seyidbəylinin çəkdiyi filmdə tarixi faktlar kifayət qədər dəqiq verildiyindən, ekranda sovet ideologiyasının təsir gücünü artırmağa ehtiyac yox idi. Filmdə insanı Allaha ən yaxın varlıq saydığı üçün din xadimlərinin fitvasına tuş gələn Nəsiminin obrazına qurama çalarlar qatılmayıb. Üstəlik, kino dilini çox gözəl bilən Həsən Seyidbəyli zaman və məkan fövqünə ucalmış Nəsiminin adına və şəxsiyyətinə layiq bir film çəkməyə müvəffəq olmuşdu.
Bu film Azərbaycan kinosuna Rasim Balayev kimi bir aktyor qazandırdı. "Nəsimi"də çəkilmiş görkəmli aktyorlar İsmayıl Osmanlı, Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Səməndər Rzayev və başqaları da baş qəhrəmanın kölgəsində qalmayacaq obrazlar yaratdılar. Ekran əsəri 1974-cü ildə VII Ümumittifaq kino festivalında tarixi mövzuda ən yaxşı film kimi, aktyor Rasim Balayev isə ən yaxşı kişi rolunun ifasına görə II mükafata layiq görüldü.
"Nəsimi"dən sonra
böyük mütəfəkkir-şair Nizami Gəncəviyə həsr olunmuş film 1982-ci ildə ekrana çıxır. Film hər məqamdan öncə görkəmli müğənni Müslüm Maqomayevin baş rola çəkilməsi ilə maraqlı idi. Quruluşçu rejissor Eldar Quliyevin iştirakı ilə İsa Hüseynovun yazdığı ssenari əsasında çəkilmiş "Nizami" filminin məramı təkcə dahi şairin həyat və yaradıcılığını işıqlandırmaq yox, həm də o dövrdə Azərbaycan xalqının ictimai-sosial həyatının təsviri, insanlararası münasibətlərin üst və alt qatını göstərmək idi. Filmin musiqisini görkəmli bəstəkar Qara Qarayev yazıb. Aktyor heyətinə gəlincə, Müslüm Maqomayev ilə yanaşı filmdə gənc aktrisa Həmidə Ömərova, artıq tanınmış aktyorlar Həsənağa Turabov, Ələddin Abbasov, Hacımurad Yagizarov, Şahmar Ələkbərov, Hamlet Xanızadə, Muxtar Maniyev və başqaları çəkiliblər.
"Nizami" filmi 1983-cü ildə Leninqradda XVI Ümumittifaq kino festivalında dahi Azərbaycan şairinin obrazının ekran təcəssümünə görə mükafata layiq görülüb.
Təəssüf ki, maraqlı süjet xətti və gözəl musiqi, tanınmış isimlərin filmdə rol alması "Nizami" filminə "Nəsimi" qədər populyarlıq qazandıra bilmədi.
"Üzeyir ömrü"
janrına görə bədii televiziya filmidir. 1981-ci ildə "Uzun ömrün akkordları" adı ilə mavi ekrana çıxan film böyük maraqla qarşılanmışdı. Film janr etibarilə bədii filmdən daha çox bədii-publisistik lent olması ilə maraqlı idi. Azərbaycan peşəkar musiqisinin təməlini qoymuş dahi Üzeyir Hacıbəylinin uşaqlıq və gənclik illəri, jurnalistika fəaliyyəti, musiqili teatr janrını yaratmaq uğrunda fəaliyyəti ikihissəli filmdə dolğun şəkildə əksini tapmışdı. Ssenari müəllifi və quruluşçu rejissoru Anar olan ekran əsərində çox maraqlı yeniliklər yer almışdı. Baş rolda istedadlı teatr rejissoru Hüseynağa Atakişiyev çəkilmiş, hətta konsert proqramlarında iştiraka çətinliklə razılaşan xanəndə Qədir Rüstəmov Cabbar Qaryağdı obrazını canlandırmışdı. İlk dəfə epizodik də olsa, Həsən bəy Zərdabi (Əli Zeynalov) və şairə, Xan qızı Xurşudbanu Natəvan (Nəcibə Məlikova), Əbdürrəhim bəy Haqverdiyev (Rüstəm Rüstəmzadə) film qəhrəmanı olaraq göstərilmiş, Hüseynqulu Sarabski (Mikayıl Mirzə), Hüseyn Ərəblinski (Mikayıl Kərimov), Zülfüqar Hacıbəyli (Yaşar Nuri), bəstəkar Maqomayev (Məmməd Məmmədov) və dövrün digər Azərbaycan ziyalılarının kino obrazı yaradılmışdı.
"Qəm pəncərəsi"ndən boylananda
artıq yorğun, həyatının son günlərini yaşayan Mirzə Cəlili görürük. 1986-cı ildə ekrana çıxmış filmin rejissoru və ssenari müəllifi Anar idi. Ssenari Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları" və "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazılmışdı. Mirzə Cəlilin (Həsənağa Turabov) və onun həyat yoldaşı Həmidə xanımın (Elmira Şabanova) ahıl çağlarını canlandıran filmdə böyük yazıçı uşaqlıq illərini xatırlayır. Məlum olur ki, onun öz əsərlərində yaratdığı obrazların çoxu elə uşaqlıqdan tanıdığı insanlar imiş. Film xoş niyyətə xidmət etsə də, təsir gücü baxımından "Üzeyir ömrü"nün uğurunu təkrarlaya bilmədi.
"Cavid ömrü"nü vərəqləməyin zamanı
isə müstəqillik dövründə yetişdi. 2007-ci ildə çəkilmiş film əsasən böyük şair-dramaturq Hüseyn Cavidin ömrünün son illərini əhatə edir. Xalq yazıçısı Anarın ssenarisi əsasında rejissor Ramiz Həsənoğlunun çəkdiyi filmdə baş rolu Rasim Balayev oynayır. Anar öz ənənəsinə sadiq qalaraq, bu filmdə də dramaturqun taleyinə onun öz qəhrəmanlarının prizmasından yanaşıb. Odur ki, filmdə Cavidin əsərlərindən parçalara da geniş yer verilib. Film repressiya dövrünün mənzərəsinin kino şəkli olduğundan Cavidin müasirləri və fikirdaşları olmuş Əhməd Cavad (Nurəddin Mehdixanlı), Abdulla Şaiq (Şahmar Qəribli), Mikayıl Müşfiq (Qurban Məsimov), Abbas Mirzə Şərifzadə (Bəxtiyar Xanızadə), Cəfər Cabbarlı (Vüqar Əhmədov) kimi görkəmli şəxsiyyətlərin də obrazlarına yer verilib.
"Cavid ömrü" filmi ilə bağlı qəribə assosiativ məqam var. İlk dəfə baxarkən o, adama bir qədər uzun və hətta sönük təsir bağışlayır. Lakin növbəti seyrlərdə artıq prioritetlər yerini alır, tamaşaçı özü üçün bəlli bir seyr xəttini seçib izləyir. Ola bilsin ki, bu, bir seriala sığacaq mətləblərin icmal şəklində iki bölümə sığışdırılması ilə bağlıdır.
Böyük Axundzadəyə qayıdış
Görkəmli sənət adamlarına həsr olunmuş filmlərin ilki "Səbuhi" filmidirsə, hələlik də sonuncusu "Sübhün səfiri"dir. 2012-ci ildə ekrana çıxmış bu ekran əsəri həm müəlliflər (ssenari - Anar, quruluş - Ramiz Həsənoğlu) və film estetikası, həm də süjet xətti və baş qəhrəman rolunun ifaçısı (Rasim Balayev) baxımından "Cavid ömrü"nün oxşarıdır. Mirzə Fətəlinin həyatının Hüseyn Cavid ömrütək izlənməsi artıq tamaşaçını psixoloji baxımdan indiyədək gördüyünün təkrarını seyr etməyə hazırlayır. Elə bu assosiativ düşüncə baxımından "Sübhün səfiri" geniş tamaşaçı rəğbəti qazana bilməyib. Halbuki filmdə çox maraqlı tapıntılar, maraqlı kadrlar, qocaman ədibin taleyinə gerçək baxışlar yer alıb.
Əlbəttə, Mirzə Fətəli elə bir şəxsiyyətdir ki, onun yaradıcılığına da, özünə də hər nəslin münasibəti olmalı və bu, ekrana, səhnəyə gəlməlidir. Hələliksə, Azərbaycanın ədəbiyyat və sənət adamlarının bədii kinoportreti "Səbuhi" ilə başlayıb, "Sübhün səfiri" ilə bitir. Biz isə ardını gözləyirik.
Gülcahan Mirməmməd