Müsabiqənin qalibləri mükafatlandırılıb
   
   Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzində “Misir dünya uşaqlarının gözü ilə” adlı beynəlxalq rəsm müsabiqəsində qalib gəlmiş rəssamların mükafatlandırılması mərasimi keçirilib.
   Mərkəzin müdiri Əhməd Sami əl-Aydi müsabiqənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1990-cı ildən etibarən keçirilən bu beynəlxalq müsabiqədə hər il 100-dən çox ölkə iştirak edir. “Son illər Azərbaycan təmsilçilərinin yüksək nailiyyətlər əldə etməsi qürurverici haldır. Müsabiqə qaliblərinin əsərlərindən ibarət kataloqun üz qabığında məhz Azərbaycanın gənc istedadının əsərinin yer alması bu ölkənin dünya mədəniyyəti və incəsənətinə hər zaman töhfə verdiyini bir daha təsdiqləyir”, - deyə o bildirib. 
   Mükafatlandırma mərasimində Quba rayon Uşaq incəsənət məktəbinin direktoru Mirkazım Cəfərov, Abşeron rayon Saray qəsəbəsi Uşaq incəsənət məktəbinin direktoru Anar Quliyev, Şamaxı şəhər İncəsənət təhsili mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək gənclərə yaradıcılıq uğurları arzulayıblar.
   Sonda 5 nəfər qızıl, 5 nəfər gümüş medalla mükafatlandırılıb, 9 nəfərə isə Misir Mədəniyyət Nazirliyinin sertifikatları təqdim edilib.