Bir əsərin tarixçəsi
Paytaxtımızın ucaldıldığı gündən öz bədii-estetik dəyərini qoruyan və seyrçilərinə yüksək zövq aşılayan plastika nümunələrindən biri də “Bəhram Gur əjdahanı öldürür” (1959) abidəsidir. Əksər məşhur sənət əsərləri kimi onun da maraqlı yaranma tarixçəsi var...
Ötən əsrin 20-ci illərindən başlayaraq Bakının küçə və meydanlarında ucaldılan abidələr bir qayda olaraq məşhur şəxsiyyətlərlə bağlı olmuşdur. Onların arasında dövlət xadimlərinin, inqilabçıların, ədəbiyyat və incəsənət xadimlərinin heykəlləri üstünlük təşkil etmişdir. Odur ki, 1959-cu ildə şəhərin ən izdihamlı guşələrindən birində - Dağüstü parkın Dənizkənarı bulvara uzanan pillələrinin qarşısındakı meydanda, bir il sonra açılışı baş tutacaq Bakı funikulyorunun önündə zamanına görə hamıya qəribə görünə biləcək bu tunc abidənin qoyulması ictimaiyyətdə həm də güclü maraq oyatmışdı. Bunun başlıca səbəblərindən biri də abidədə kimin təsvir edildiyindən çoxlarının xəbərsiz olması idi. Amma obrazın adının açıqlanması ilə onun dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının qəhrəmanı Bəhram şaha həsr olunduğu bəlli oldu. İlk baxışda heykəlin estetikasında poemada hifz olunan Nizami dühasının çoxqatlılığı hiss olunmasa da, bütünlükdə “Yeddi gözəl” poeması boyu başqaları üzərində qələbələr qazanmağa adət etmiş şahın əjdahanı öldürməsi də onun yenilməzliyinə bədii işarə kimi düşünülmüşdü. Bununla belə, sovet gerçəkliyində əli qılınclı şahın abidəsinin ucaldılmasının özü çox gözlənilməz idi. Elə yaradıcılıqlarında yalnız “sosialist realizmi” bədii prinsipinə tapınmalı olan onun müəlliflərinin hökmdar obrazına müraciət etmələri də az təəccüb doğurmurdu. Ən maraqlısı isə bu obrazın ilk variantının müəllifinin Sankt-Peterburqda (keçmiş Leninqrad) təhsil alan tələbə olması idi. O vaxtlar həmin tələbə - azərbaycanlı Albert Mustafayev şəhərdəki İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Heykəltəraşlıq fakültəsində təhsil alırdı. Bu kompozisiyanı da o, təhsilinin ikinci ilində kurs işi olaraq işləmişdi. Həmin vaxt dərs proqramına uyğun olaraq “Fontan üçün dekorativ heykəl”in eskizini hazırlamaq tapşırığı alan A.Mustafayev bütün dünyada olduğu kimi, Sankt-Peterburqda da məşhur olan (Böyük Vətən müharibəsinin başlanması üzündən N.Gəncəvinin 800 illik yubileyinin keçirilməsi təxirə salınsa da, 1941-ci ildə bu şəhərdəki Dövlət Ermitajının binasında şairin sənət bayramı qeyd olunmuşdu) dahi Nizaminin yaradıcılığına müraciət etməyə qərar vermişdi. Gildən hazırlanan və hündürlüyü cəmisi 30 santimetr olan bu kompozisiyaya gənc heykəltəraş sıradan bir iş kimi baxsa da, onun iki gənc həmkarı - Tiflis Rəssamlıq Akademiyasında təhsil alan Aslan Rüstəmov, xüsusilə də Qorxmaz Sücəddinov bu dekorativ biçimli plastika nümunəsində monumentallığın işartılarını görə bildilər. O vaxtlar Bakıdakı quruculuq və yenidənqurma işlərindən məlumatlı olan Q.Sücəddinov bu eskizdə bir heykəl olaraq ətrafında təsirli aura yarada biləcək estetikanın gücünü hiss etdiyindən onun bir nümunə kimi fəza-məkan həllinin uğurlu olacağını dilə gətirir. Özü də əlavə edir ki, hazırda bunun üçün çox münasib bir şərait yaratmışdır. O, həmkar-dostlarına bildirir ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə yeni təyin olunmuş Əliş Ləmbəranski hazırda paytaxtın memarlıq-heykəltəraşlıq simasının gözəlləşdirilməsi üçün çox maraqlı işlər görməkdədir və onun şəhərin müxtəlif guşələrini bəzəyəcək fontan-heykəllərin hazırlanması ilə bağlı müsabiqənin keçirilməsinə göstəriş verməsi də bunun göstəricisidir. Bu müsabiqədə uğur qazanacaq nümunənin çoxaldılaraq Bakı və onun ətrafında yayılması nəzərdə tutulmuşdu.
Yeri gəlmişkən, qeyd edək ki, sonralar paytaxtımızı gözəlləşdirəcək “Mirvari” kafesi, bulvardakı “Bakı Venesiyası”, Bakı Sirkinin binası və s. tikililər Ə.Ləmbəranskinin şəhərə rəhbərlik etdiyi dövrdə inşa edilmişdir.
Beləliklə, “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası bu üç dostun birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Müsabiqəyə təqdim olunmuş çoxsaylı eskizləri nəzərdən keçirən Əliş Ləmbəranski üç müəllifin hazırladığı eskizi görəndə çox sevinir və dərhal da onun müsabiqəyə təqdim olunmuş digər nümunələrdən daha yaxşı olduğunu bildirir. Şəhərin rəhbəri əlavə edir ki, bu kompozisiya əvvəlcədən nəzərdə tutulduğu kimi kütləvi sayda çoxaldılmayacaq, o yalnız bir nüsxə olacaq, özü də paytaxtın ən görməli guşələrindən birində ucaldılacaq. Bu, gənc heykəltəraşların böyük yaradıcılıq uğuru idi. Xatırladaq ki, o vaxt Albert Mustafayevin 25, Aslan Rüstəmov və Qorxmaz Sücəddinovun isə 24 yaşı vardı. Azərbaycan heykəltəraşlıq tarixində həm də bu ilk hadisə idi ki, paytaxtda gənc müəlliflərin hazırladıqları abidə ucaldılırdı. Təbii ki, bu, ilk növbədə Ə.Ləmbəranskinin gənc sənətkarlara verdiyi dəyərin nəticəsində baş tutmuşdu.
Heykəlin ucaldılmasına hazırlıq bu sahədə praktiki təcrübəsi olmayan Bakı Bədii-İstehsalat Kombinatı üçün də sınaq idi. Belə ki, həmin abidə burada təşkil olunmuş tunctökmə sexinin ilk iriölçülü məhsulu oldu.
Ədəbi qəhrəmanlarımıza ilk abidə olan bu əsərin estetik tutumunu dəyərləndirməli olsaq, ilk olaraq onun çox ifadəli siluetə malik olduğunu söyləməliyik. Etiraf edək ki, əslində bu, müəlliflərin qarşısında duran ən çətin yaradıcılıq vəzifəsi idi. Belə ki, hər bir fiqurlu heykəlin üçölçülü olmasına baxmayaraq, çox vaxt onun müəllifləri plastik nümunənin bütün nöqtələrdən uğurlu baxışını əldə edə bilmirlər. Özü də bunu əldə etmədən haqqında söz açdığımız dinamik forma-biçimli abidənin bədii həllinə nail olmaq çox çətin olardı. Bu mənada demək olar ki, müəlliflər fontanın mərkəzində qərarlaşan abidənin dairəvi baxış nöqtəsinə malik olmasını nəzərə almaqla, onun dinamik və ekspressiv tutumunu bütün incəliyinə kimi seyrçilərə çatdırılmasına nail olmuşlar.
Heykəlin ətrafında baxış nöqtələrini dəyişməklə əli qılınclı Bəhram Gurun ifadəli siluetinin cəlbedici və ifadəli plastik həllini görək mümkündür. Doğrudan da, hündürlüyü 3,5 metrə çatan tunc abidə nimçə formalı (memar Vladimir Şulgin) su tutumunun (diametri 20 metr) mərkəzində dominant rolunu oynamaqla yanaşı, həm də çoxçalarlı estetik qaynaq mənbəyi kimi qəbul olunmaqdadır. Əvvəlcə oxlanan və sonda boğazı üzülməyə yaxın olan əjdahanın qəzəbini geniş açılmış ağzı ilə ifadə edən müəlliflər onun ədəbi qəhrəmanın son həmləsindən qaça bilməyəcəyinə tamaşaçısını inandıra bilmişlər. Fiqurun güclü enerjiyə malik olmasından xəbər verən əzalarının gərginliyi ilə yanaşı, əfsanəvi varlığın malik olduğu fakturanın inandırıcılığı ilə bütünlükdə abidənin cəlbediciliyinə və təsirliliyinə nail olunmuşdur. Başqa sözlə desək, eskiz variantında dekorativ heykəl-fontan kimi düşünülən plastik nümunə tutduğu məkanda sənətlərin uğurlu sintez nümunəsi olaraq monumental abidə kimi baxılmaqdadır. Abidə-fontanın günün ən müxtəlif saatlarında, xüsusilə də axşam vaxtlarında əjdahanın ağzından fışqıran su şırnağının qırmızı-qan rəng alması alınan təəssüratı daha da gücləndirir. Xeyirin Şər üzərində qələbəsini simvolizə edən və Bakının ən gözəl abidələrindən hesab olunan bu heykəlli fəvvarənin qısa tarixçəsi belədir...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, “Sənətşünaslığın Təbliği” İctimai Birliyinin sədri