Martın 1-də Nizami Kino Mərkəzində Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimatı olacaq. Təqdimat ekran əsərinin ssenari müəllifi görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110, filmin musiqisinin müəllifi, dahi bəstəkar Qara Qarayevin 100 illiyinə təsadüf edir.
1943-cü ildə “Bakı kinostudiyası”nda istehsal edilən film II Dünya müharibəsində Azərbaycan neftinin rolu və xalqımızın vətənpərvərliyindən bəhs edir. Rejissorlar Qriqori Aleksandrov, Mikayıl Mikayılov və Rza Təhmasibin ekranlaşdırdığı “Bir ailə” tammetrajlı bədii filmində rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Hökümə Qurbanova, Lyubov Orlova və başqaları canlandırıblar. Operatorlar Əlisəttar Atakişiyev, Əsgər İsmayılov, rəssam Mirzə Rəfiyevin də daxil olduğu yaradıcı qrupa filmin çəkilişi o vaxtkı ağır durumda çox çətin başa gəlib. Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir. Ekran əsərinin nümayişi 1953-cü ilədək qadağan olunub.
Filmdə duz-çörəkli Bakıdan, onun faşizm üzərində qələbə üçün hər şeyi qurban verməyə hazır olan çoxmillətli sakinlərindən bəhs edilir. Ssenari müharibədə olan azərbaycanlı tankçı Nacarın birgünlük məzuniyyət zamanı vurulduğu Katya adlı rus qızına məhəbbəti ətrafında qurulub. Katya rolunu Lyubov Orlova, Nacar rolunu isə Xosrov Məlikov ifa edib.
Kino tarixçisi, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə “Azərbaycan kinematoqrafçıları” kitabında filmlə bağlı belə bir maraqlı faktı qeyd edib: “Çəkiliş zamanı səhnələrdən birində tankın partladılması lentə alınmalıydı. Rejissorun və Orlovanın xahişi ilə meydana hərbi hissədən tank gətirilir. Rejissorlara tankın çəkilişdən sonra hərbi hissəyə göndəriləcəyi deyilir. Partlayış saxta olmalı, səhnəni müxtəlif nöqtələrdən dörd kamera çəkməliydi. Amma tank həqiqətən partlayır. Həyəcan siqnalı çalınır və partlayış səsinə yaxınlıqda yerləşən hərbçilər gəlirlər. Bir göz qırpımında çəkiliş meydanı əhatəyə alınır. Partlayış vaxtı dörd kameradan üçü işləmir. Çünki partlayışdan şok yaşayan operatorlar kameranı işə sala bilmirlər. Yalnız operator Koretski özünü itirməyib və çəkilişi davam etdirib. Beləliklə, cəbhəyə göndəriləcək tank məhv olub...”
Qara Qarayevin bəstəkar, Mirzə Babayevin aktyor-müğənni kimi ilk kino işi olan “Bir ailə” filmi yalnız 1990-cı illərdə telekanallardan birində nümayiş etdirilib. Sovet arxivlərindən tapılan sənəddə filmə qadağa qoyulması ilə bağlı yazılıb: “Bir ailə” kinofilmində Böyük Vətən müharibəsi və həmin müharibədə Kommunist Partiyasının rolu kifayət qədər əks olunmayıb”...
Mir Cəlal Paşayevin yazdığı ssenaridə müharibənin bütün yükünün sadə xalqın üzərinə düşdüyü qabardılmışdı. Müəllif öz çörək payını da Bakıya təxliyə edilmiş rus, ukraynalı, belarus, latış və s. millətlərin nümayəndələri ilə bölüşən Azərbaycan xalqının qonaqpərvərliyindən, fədakarlığından bəhs edirdi. Amma ssenaridə partiya fəallarının nitqlərinə yer verilməmişdi...