Azərbaycan kinosu 120 
   
   İlk səsli filmimizlə bağlı müxtəlif fikirlər mövcuddur 
   
   Dünya kinosunda səsli filmlərin tarixi 1927-ci ildə ABŞ-da istehsal olunan "Caz müğənnisi" filmi ilə başlayır. 1930-cu ildən Paris, London və Hollivud film sahəsində əsas mərkəzlərə çevrilir. Bütün dünyaya yayılan səsli kino Azərbaycana 5 il sonra gəlib çatır.   
   Kino tarixçisi, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə yazır ki, 30-cu illərin Azərbaycan kinosundan danışarkən o dövr üçün əlamətdar olan 3 əsas hadisəni qeyd etmək mütləqdir. Birincisi, ilk səsli bədii filmimizin yaradılması; ikincisi, ilk animasiya filminin çəkilişi; üçüncüsü, əcnəbi filmlərin Azərbaycan dilinə dublyaj olunması. 
   Kino, əslində, heç zaman səssiz olmayıb. Bizim səssiz kino adlandırdığımız zamanda belə filmdə hadisələr musiqi ilə müşayiət edilib. Elə vaxtlar da olub ki, aktyorlar ekran arxasında dayanıb təsviri səsləndirirmişlər. Kino işçiləri ekrandakı təsvirləri qrammofon vallarına yazılmış nitq və musiqi ilə birləşdirməyə səy göstərirlər, texniki baxımdan səsin yazılışı üsullarını axtarırlar. 20-ci illərin sonunda mühəndislər P.Tager və A.Şorin səsli kinonun orijinal sistemini kəşf edirlər. 
   Azərbaycanda hökumətin tapşırığı ilə “Azərkino” 1930-cu ildən səsli filmlərin istehsalına başlamalı idi. Bunun üçün Leninqrad (Sankt-Peterburq), Kiyev və Moskvaya təcrübə keçmək üçün mütəxəssislər də göndərilmişdi. Maliyyə çətinliklərinə görə Azərbaycanda səsli filmin çəkilişi yubanır. Nəhayət, 1935-ci ildə ilk səsli filmimiz - “Mavi dənizin sahilində” adlı kinolent ərsəyə gəlir.
   Gənc kinodramaturq Klimenti Mintsin qələmə aldığı ssenariyə rejissor Boris Barnet quruluş vermişdi. Filmin operatoru Mixail Kirillov, rəssamı əslən bakılı olan Viktor Aden idi. M.Kuşnirovun 1977-ci ildə qələmə aldığı “Boris Barnetin həyat və yaradıcılığı” adlı kitabda ilk səsli Azərbaycan filmi haqqında məlumat da yer alıb. Həmin kitabda filmlə bağlı deyilir: “Bu ssenari iki kinostudiyanın - Mejrabpomfilm” və “Azərfilmin” birgə istehsalı idi. Bu iş son dərəcə məhsuldar idi”. 
   Yaradıcı heyətdə azərbaycanlı kino işçiləri də var idi. İkinci rejissor, operator işlərində Səməd Mərdanov, Mirzə Mustafayev, assistent kimi Məmməd Əlili filmin ərsəyə gəlməsində iştirak etmişdilər. Onlar filmin müvəffəqiyyətli alınması üçün öz bacarıqlarını əsirgəməmişdilər. Onların əməyi filmin aktyorları N.Kryuçkov və Y.Kuzminanın xatirələrində də dəyərləndirilir. 
   Komediya janrında lentə alınan “Mavi dənizin sahilində” filmində iki dostun - Yusif və Alyoşanın başına gələn əhvalatlardan söhbət açılır. Hadisələr Azərbaycanın cənubunda balıqçılıq kolxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzərdə tufana düşür, dalğalar onların qayığını bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır. Nəticədə məlum olur ki, qız şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.
   Maraqlı faktlardan biri də budur ki, filmin 50 illik yubileyi “Nizami” kinoteatrında və Lənkəranda qeyd edilib. Filmin rejissor assistenti işləmiş Məmməd Əlili xatirələrində qeyd edib ki, yubiley tədbirinə Alyoşa obrazını yaradan N.Kryuçkov da qatılıb. O, filmin çəkilişləri ilə bağlı xatirələrini bölüşüb və 50 il əvvəl çəkilişlər zamanı Səməd Mərdanovun ona öyrətdiyi Azərbaycan xalq mahnısını da dəqiqliklə ifa edib. 
   Aydın Kazımazdə “Kino və zaman” kitabında bu filmlə bağlı qeydlərində maraqlı faktları diqqətə çatdırır. Bildirir ki, 1973-cü ildə Moskvada nəşr olunmuş “Sovet kinosunun tarixi” kitabında həmyerlimiz Nelli Hacinskaya “Mavi dənizin sahilində” kinokomediyasının ilk Azərbaycan səsli bədii filmi olmadığını iddia edir. O, bunu iki studiyanın birgə çəkilişi ilə əlaqələndirir və filmdə yalnız bir azərbaycanlı (Yusif) obrazının məhdudlaşmasını qeyd edir. Lakin müəllif yaradıcı heyətin bir qisminin də azərbaycanlılardan ibarət olduğunu nədənsə unudur. Tədqiqatçı Azərbaycanın ilk səsli bədii filmi kimi 1938-ci ildə lentə alınan “Bakılılar” filmini misal göstərir. A.Kazımzadə qeyd edir ki, bu mülahizə bizim ilk səsli film tariximizi üç il geri salır. İlk səsli Azərbaycan filmi kimi “Mavi dənizin sahilində” kinokomediyasının qəbul edilməsinə rejissor Barnetin və aktrisa Y.Kuzminanın azərbaycanlı həmkarları haqqında söykədikləri fikirlər əsaslı və tutarlı cavablar kimi göstərilə bilər. 
   
   Lalə Azəri