Fevralın 18-də Londonda kino dünyasının nüfuzlu mükafatlarından olan BAFTA (Britaniya Kino və Televiziya Sənəti Akademiyası - The British Academy of Film and Television Arts) mükafatlarının qalibləri elan edilib. Britaniyalı aktrisa və model Djoanna Lamlinin apardığı mərasim BAFTA-nın sayca 71-ci təqdimatı olub.
   Mükafatların sayına görə Martin Makdonaxın "Ebbinq sərhədində üç bilbord, Missuri" filmi lider olub. Doqquz nominasiyada mükafata təqdim olunan ekran əsəri “Ən yaxşı film”, “Ən yaxşı Britaniya filmi”, “Ən yaxşı orijinal ssenari” nominasiyalarında qalib elan edilib. Aktrisa Frensis MakDormand filmdəki roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasında mükafat qazanıb. Xatırladaq ki, M.Makdonaxın filmi bundan öncə ABŞ-da “Qızıl qlobus"un triumfatoru olmuşdu və beləliklə, 4 martda elan olunacaq “Oskar” mükafatının da əsas favoritidir.
   “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi isə “Qaranlıq zamanlar” filminin baş rol (Uinston Çörçill) ifaçısı Heri Oldman seçilib.
   Mükafat sayına görə ikinci yerdə Qilmero Del Toronun "Suyun şəkli" filmi qərarlaşıb. Kinolent “Ən yaxşı rejissor”, “Filmə ən yaxşı musiqi” və “Ən yaxşı dekorasiya” üzrə BAFTA mükafatlarını qazanıb.
   Üçüncü və dördüncü yerlər isə hərəyə iki mükafatı olan “Ülgüc üzərində qaçış 2049” və “Qaranlıq zamanlar” ekran əsərlərinə məxsusdur.
   “Xarici dildə ən yaxşı film” nominasiyasında Koreya Respublikasının istehsalı olan "Qulluqçu" (rejissor Ban Çxan Uka), “Ən yaxşı animasiya filmi”nə "Kokonun sirri", “Ən yaxşı montaj” işinə görə isə “Sükan arxasında körpə” layiq görülüb. 
   
   İlona