“Qızıl ayı”nın sahibi fevralın 25-də bəlli olacaq
   
   Fevralın 15-dən Almaniya paytaxtında davam edən “Berlinale” kino festivalı sona yaxınlaşır. 68-ci dəfə keçirilən festivalın qalibləri və baş mükafatın - “Qızıl ayı”nın sahibi fevralın 25-də bəlli olacaq. 
   Festivalın əsas müsabiqəsində 19 film iştirak edir, ümumilikdə isə forumun nümayiş proqramına 400-dən çox film daxildir. Münsiflər heyətinə alman kinorejissor Tom Tıkver başçılıq edir. Berlin beynəlxalq kino festivalı ilk dəfə 1951-ci il iyunun 6-da keçirilib. Festivalın əsası İkinci Dünya müharibəsində müttəfiq olan ABŞ, Böyük Britaniya və Fransa tərəfindən qoyulub. “Berlinale” Kann və Venesiya festivalları ilə birgə Avropa və ümumilikdə dünya kino aləminin ən nüfuzlu forumu sayılır. Müxtəlif illərdə İnqmar Berqman, Mikelancelo Antonioni, Fransa “yeni dalğa”sının rejissorları - Jan-Lük Qodar, Klod Şabrol və başqa görkəmli rejissorların filmləri Berlin kinofestivalında uğur qazanıb.