Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü əsasında keçirilən Buktreyler festivalının məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
   
   Festivalda iştirak şərtləri aşağıdakılardır:
   
   * festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
   * festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən buktreylerlər iştirak edir;
   * festivala bir iştirakçı tərəfindən təqdim olunan buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
   * təqdim edilmiş buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
   * buktreylerlərdə qanunvericiliyə zidd olan - siyasi, dini, irqi və milli ayrı-seçkiliyi təbliğ edən, senzuradankənar ifadələri əks etdirən məzmun qadağandır;
   * buktreylerlər münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
   * buktreylerlər müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən festivalın təbliği məqsədilə istifadə edilə, festivalın rəsmi saytında və internet resurslarda yerləşdirilə bilər.
   
   Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:
   
   * xronometrajı: 3 dəqiqəyədək;
   * formatı: mpeg4, mpeg, mpg, avi, wmv;
   * minimal ölçüsü: 1080p Full HD (1920x1080);
   * media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
   * əvvəldə festivalın və dəstəkçilərin loqoları yerləşdirilməlidir;
   * sonda buktreylerin aid olduğu kitabın fotosu və festivalın saytının ünvanı yerləşdirilməlidir;
   * festivalın təşkilinə aidiyyəti olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.
   
   İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən buktreylerlər festivala buraxılmır.
   
   Son müraciət tarixi: 8 aprel 2018-ci il
   
   Daha ətraflı məlumatı festivalın www.booktrailer.az  saytında, həmçinin www.facebook.com/BooktrailerFest  facebook səhifəsində əldə etmək olar.