Fevralın 15-dən 24-dək Almaniya paytaxtında keçirilən 68-ci “Berlinale” kino festivalının baş mükafatını - “Qızıl ayı”nı rumın rejissor Adina Pintiliyenin “Toxunma” (“Touch Me Not”) filmi qazanıb. Ekran əsəri Rumıniya, Almaniya, Çexiya, Bolqarıstan və Fransa kinematoqrafçılarının birgə layihəsidir. Adina Pintiliye çoxdandır xaricdə yaşayır və ingilis dilində filmlər çəkir. Alman rejissor Tom Tıkverin başçılıq etdiyi münsiflər heyətinin seçimi kino tənqidçiləri üçün sürpriz olub. Filmdə başqaları ilə ünsiyyətdə problemlər yaşayan, öz fobiyaları ilə mübarizə aparan 50 yaşlı qadının (Loran) həyatından danışılır.
   Berlin festivalının ikinci mükafatı (jüri Qran-prisi) polşalı rejissor Malqojata Şumovskinin “Sifət” filminə verilib. “Berlinale”nin ən yaxşı aktyoru adını fransalı rejissor Sedrik Kanın “Dua” filmində baş rolu oynamış Antoni Bajon, ən yaxşı aktrisa adını isə Marçelo Martinessinin “Varis” filmində baş qəhrəmanı canlandıran Anna Brun qazanıb. Ues Andersonun “İtlər adası” filmi rejissuraya görə “Gümüş ayı” mükafatına layiq görülüb.
   Rusiyalı rejissor Aleksey Germanın (oğul) “Dovlatov” filminin quruluşçu rəssamı Yelena Okopnya da “Gümüş ayı” ilə təltif edilib. Film məşhur yazıçı Sergey Dovlatovun (1941-1990) 70-ci illərdə (Amerikaya mühacirətdən öncə) Leninqraddakı həyatından bəhs edir.
   Qeyd edək ki, 68-ci “Berlinale” festivalının əsas müsabiqəsində 19 film iştirak edirdi.
   
   İlona