“Bir ailə” bədii filminin 75 ildən sonra böyük ekranda təqdimat mərasimi keçirildi
Martın 1-də Nizami Kino Mərkəzində 1943-cü ildə Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə ərsəyə gəlmiş “Bir ailə” bədii filminin təqdimat mərasimi keçirildi. Təqdimat ekran əsərinin ssenari müəllifi görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin anadan olmasının 110, filmin musiqisinin müəllifi, dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilib.
Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət, elm xadimləri iştirak edirdi.
Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva çıxış edərək bildirdi ki, 1943-cü ildə Bakı kinostudiyasında istehsal edilən film II Dünya müharibəsində Azərbaycan neftinin rolu və xalqımızın vətənpərvərliyindən bəhs edir. Rejissorlar Qriqori Aleksandrov, Mikayıl Mikayılov və Rza Təhmasibin ekranlaşdırdığı “Bir ailə” tammetrajlı bədii filmində rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Hökümə Qurbanova, Lyubov Orlova və başqaları canlandırıblar. Filmin 75 il sonra gerçəkləşən təqdimatı “Ədibin evi” (Mir Cəlalın İçərişəhərdəki ev-muzeyi) və Nizami Kino Mərkəzinin birgə layihəsidir.
“Ədibin evi”nin direktoru Elnur İmanbəyli çıxış edərək bildirdi ki, görkəmli yazıçı Mir Cəlal bu evdə 1920-1940-cı illərdə yaşayıb. Ev təmir edilərək ailəsi tərəfindən ədibin anadan olmasının 109-cu ildönümündə ev-muzeyi kimi mədəniyyətsevərlərin istifadəsinə verilib. Mir Cəlal onu yazıçı kimi məşhur edən “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox hekayələrini bu evdə yazıb. Hazırda bu ev Mir Cəlalın mədəni irsinin qorunduğu mərkəz kimi fəaliyyət göstərir. Mərkəz mədəni layihələr həyata keçirir və Mir Cəlalın arxivinin toplanması ilə məşğuldur.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev filmin yaranma tarixi haqqında məlumat verdi. Bildirdi ki, hələ 1970-ci illərdə Azərbaycan kinematoqrafçıları ilə görüşən ulu öndər Heydər Əliyev “Azərbaycanın kino tarixi xalqımızın salnaməsidir” demişdi. Bu gün bu salnaməni yaradan filmlərdən “Bir ailə” filminin 75 illik yubileyidir. Bu il görkəmli elm və mədəniyyət xadimləri Mir Cəlalın 110, Qara Qarayevin 100 illik yubileyləri qeyd edilir. 2018-ci il həm də Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlamətdardır.
Cəmil Quliyev əlavə etdi ki, film 2008-ci ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə bərpa olunub, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Moskvadan Azərbaycana gətirilib. Hazırda Dövlət Film Fondunun “qızıl fond”unda qorunur.
Qeyd olundu ki, filmin rejissoru Qriqori Aleksandrov müharibənin qızğın vaxtında Azərbaycana filmi çəkmək üçün ezam edilib. Filmdə Azərbaycan xalqının Böyük Vətən müharibəsində misilsiz xidmətləri əksini tapıb. Çox cəsarətlə çəkilən filmdə “Lenin, partiya, Stalin” mövzusu yoxdur. Ekran işində müharibə dövründə Azərbaycan qadınının şücaəti də əks olunub. Məhz bu filmdə ilk dəfə kinosimfonizmdən istifadə olunub. Burada musiqi ilə təsvirin vəhdətini görmək mümkündür. SSRİ Kinematoqrafçılar İttifaqının sədri Bolşakov filmi qəbul etsə də, sonradan ekran əsərinin nümayişi 1953-cü ilədək qadağan olunmuşdu.
Cəmil Quliyev vurğuladı ki, bu gün Azərbaycan kinosu müstəqil inkişaf dövrünü yaşayır və biz filmimizin 75 illik yubileyini qeyd edirik. O, mədəniyyətin, kinonun inkişafı üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.
Daha sonra ekran əsəri nümayiş olundu.
Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir. Ssenari müharibədə olan azərbaycanlı tankçı Nacarın birgünlük məzuniyyəti zamanı vurulduğu Katya adlı rus qızına məhəbbəti ətrafında qurulub. Katya rolunu Lyubov Orlova, Nacar rolunu isə Xosrov Məlikov ifa edib. Film Qara Qarayevin bəstəkar, Mirzə Babayevin aktyor-müğənni kimi ilk kino işidir. Sovet arxivlərindən tapılan sənəddə filmə qadağa qoyulması ilə bağlı yazılıb: “Bir ailə” kinofilmində Böyük Vətən müharibəsi və həmin müharibədə Kommunist Partiyasının rolu kifayət qədər əks olunmayıb”. Həqiqətən də, Mir Cəlal Paşayev ssenaridə müharibənin bütün yükünün sadə xalqın üzərinə düşdüyünü qabartmışdı. Yazıçı öz çörək payını da Bakıya təxliyə edilmiş rus, ukraynalı, belarus, latış və s. millətlərin nümayəndələri ilə bölüşən Azərbaycan xalqının qonaqpərvərliyindən, fədakarlığından bəhs edirdi...
Lalə Azəri